25 yanvar 2021
25 yanvar tarixində Milli Gimnastika Arenasında “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin (AGF) 11-ci Ümumi Yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirildi.
AGF-nin Nizamnaməsinə əsasən builki Ümumi Yığıncaq hesabat-seçki xarakteri daşıyırdı.
Gündəlikdə olan məsələlərə keçid almazdan əvvəl, ötən 5 il ərzində dünyasını dəyişən gimnastika ailəsi üzvləri və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Son 5 il üzrə hesabatı təqdim edən AGF-nin Vitse-Prezidenti Altay Həsənov, Olimpiya Oyunlarında, Dünya və Avropa Çempionatlarında, o cümlədən digər mötəbər yarışlarda gimnastika növləri üzrə əldə olunan nailiyyətlərdən, Tokio-2020 Olimpiya Oyunlarına qazanılan lisenziyalardan, Bakıda təşkil olunan beynəlxalq yarış və tədbirlərdən, yeni gimnastika növlərinin inkişafından, AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs etdi. Hesabatın sonunda A.Həsənov bütün görülən işlərin, əldə olunan nailiyyətlərin ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsi olduğunu vurğuladı və Mehriban xanıma gimnastika ictimaiyyəti adından təşəkkürünü bildirdi.
AGF-nin Baş mühasibi Viktoriya Abuşova 2020-ci il üzrə maliyyə hesabatını təqdim etdi.
Hesabatların təsdiqindən sonra, İcra Komitəsinə seçkilər keçirildi.
Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti 5 il müddətinə yenidən AGF-nin Prezidenti (İcra Komitəsinin sədri), Altay Həsənov isə AGF-nin vitse-prezidenti (İcra Komitəsinin sədr müavini) seçildi.
Səsvermədən sonra Milli Məclisin deputatı - Rauf Əliyev, Heydər Əliyev adına İdman-konsert Kompleksinin direktoru - Rafiq Beybutov, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi - Mariana Vasilevanın növbəti 5 il müddətinə İcra Komitəsinə üzvlüyü təsdiqləndi.
Sonda 2020-ci ildə mötəbər yarışlarda nəticə göstərmiş idmançı və məşqçilər xatirə medalları ilə təltif olundu.
Qeyd edək ki, səsvermə ilk dəfə olaraq elektron formada əsas etibarilə yarışlar zamanı xalların hesablanmasında ixtisaslaşan ilk Azərbaycan brendi olan SmartScoring-in dəstəyi ilə təşkil edildi.
Ümumi Yığıncaqdan dərhal sonra AGF-nin yenidən seçilmiş rəhbərliyi İcra Komitəsinin 2021-ci ilin ilk, sayca isə 37-ci iclasını keçirdi.
Belə ki, son 3 ildə AGF-nin Baş katibi olmuş Nurlana Məmmədzadə yenidən bu vəzifəyə təyin olundu. AGF-nin İntizam Komissiyasının üzvləri Nazim Rəcəbov və Aytac Qasımova müvafiq olaraq həmin komissiyanın sədri və üzvlüyünə yenidən təyin edildi. Namiq Əliyevin isə ilk dəfə olaraq həmin Komissiyaya üzv olmasına qərar verildi.
Elşad Nərimanov AGF-nin Veteranlar Şurasının sədri, uzun illər sözügedən şuranın sədri olmuş Arif Quliyev isə, həmin Şuraya fəxri prezidenti seçildi.
Müzakirələrdən sonra gimnastika növləri üzrə Baş məşqçilərin hesabatı, AGF-nin bir neçə qaydalarına dəyişikliklər təsdiq olundu. Bundan əlavə, 2021-ci ildə yığma komandalara cəlb olunmuş gimnastların təmsil etdiyi klub/idman təşkilatları və şəxsi məşqçilərinin mükafatlandırılması üzrə siyahı təsdiqləndi.