09 mart 2010
Azərbaycan qrup hərəkətləri üzrə komandasının üzvləri qadınlar günündə özlərinə hədiyyə ediblər. Belə ki, Macarıstanın Debresen şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kuboku uğrunda yarışlarda komanda finalların birində üçüncü yeri tutub.
Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyeva iki ip və üç lentlə finaldan sonra bürünc medalları əldə ediblər. İlk iki yeri Rusiya və Belarus komandaları bölüşüb.
"Biz digər finalda beş halqa ilə çıxış etdik", - Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva bildirib. - "Qızlar bu təmrinlərə öz canlarını qoyublar, bütün bacarıqlarını sərf ediblər. Lakin yekunda biz yalnız dördüncü yerlə kifayətlənməli olduq. Bununla yanaşı, nəticələrdən çox razıyam - çünki bu, Dünya Kuboku mövsümündə ilk yarış idi!"
Fərdi yarışların ayrı-ayrı finalında Aliyə Qarayeva və Anna Qurbanova çıxış ediblər. Ən yaxşı nəticəni iplə yarışlarda dördüncü yeri tutan Qarayeva göstərib. Həmçinin, Aliyə halqa və lentlə yarışlarda beşinci yeri, topla yarışlarda yeddinci yeri tutub. Qurbanova beşinci (ip), altıncı (top), səkkizinci (lent) və doqquzuncu (halqa) yerləri tutub. Dörd növ üzrə yarışların hamısında rusiyalı Yevgeniya Kanayeva qalib gəlib.
Yeniyetmə qızlar arasında beynəlxalq turnirin finallarında Lalə Yusifovanın göstəriciləri yüksək olub. Perspektivli 14 yaşlı bakı gimnastı ip və halqa üzrə iki yarışda beşinci yeri tutub. Jalə Qaratova iplə finala buraxılış əldə edib və altıncı yeri tutub.
Digər beynəlxalq turnirin birində Azərbaycan gimnastı iştirak edib. Lyublyanada keçirilən yarışlarda Samirə Mustafayeva 22 iştirakçı arasında altıncı yeri tutub.
Baş məşqçinin sözlərinə görə, gimnastlar Macarıstandan Portuqaliyanın Portimao şəhərinə gedəcəklər. Martın 11-14-də orada Dünya Kuboku mərhələsi və yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. Atlantik okeanının suları ilə yuyulan sahilyanı şəhərciyində komandaya daha iki gənc gimnast Ayşə Mustafayeva və Yekaterina Prokopenko qatılacaq", M. Vasileva bildirib.
Martın 13-də isə Moskvada bədii gimnastika festivalı üçün "Alina 2010" seçmə turniri keçiriləcək. Festival Uşaqları müdafiə gününə həsr olunur. Azərbaycan bu forumda iki komanda ilə təmsil olunacaq.