İdman
gimnastikadan
başlayır
10 oktyabr 2026
4–9 oktyabr tarixlərində Fransanın Les Sables-d’Olonne şəhərində “Gimnastika hamı üçün” növü üzrə “Qızıl yaş idman festivalı” keçirilib.
Fransa Gimnastika Federasiyasının ev sahibliyi ilə keçirilən festivalın 10-cu buraxılışında 21 ölkədən 2000-dən çox iştirakçı bir araya gəlib. 50 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan tədbirin əsas məqsədi gimnastikanı hər yaşda təşviq etmək, fəal həyat tərzini dəstəkləmək və iştirakçılar arasında dostluq əlaqələrini gücləndirməkdir.
Festival çərçivəsində iştirakçılar müxtəlif ustad dərslərində, mədəni və sosial tədbirlərdə, eləcə də şəhərin müxtəlif məkanlarında təşkil olunan çıxışlarda iştirak ediblər.
Ölkəmizi festivalda İradə Qurbanova, Tatyana Borodina, Yelena Süleymanova, Larisa Məhərrəmova, Vera Knyazeva, Rəna Manafova, Sevda Ramazanova, Şöhrət Hüseynova, İradə Həsənova, Maya Məmmədova, Ramiz Qasımov, Almaz Musayeva, Natalya Pavlova, Lyudmila Şirəliyeva, Larisa Lipilina, Sergey Vilimedov, Olqa Əliyeva və Novruz Babayevdən ibarət “Flame” komandası təmsil edib. Qeyd edək ki, İradə Qurbanova akrobatika gimnastikası üzrə milli komandanın baş məşqçisidir.
Komandamız festivalda rəqs və akrobatika elementlərini özündə birləşdirən çıxış nümayiş edib. Musiqi və müxtəlif nəsillərin ruhunu birləşdirən kompozisiya fransız klassik musiqisinin zərif ahəngindən başlayaraq ABBA qrupunun və “Macarena”nın ritmləri ilə davam edib, Lady Qaqanın müasir və enerjili musiqi dünyası ilə tamamlanıb.
50 yaşdan yuxarı iştirakçıların təqdim etdiyi nömrə müxtəlif dövrləri və musiqi üslublarını vahid çıxışda birləşdirərək həyat eşqini, hərəkət sevincini və enerjini nümayiş etdirib.
“Qızıl yaş idman festivalı” bir daha sübut edib ki, gimnastika yalnız idman deyil, həm də insanları bir araya gətirən, sağlam həyat tərzini təşviq edən və yaşından asılı olmayaraq hər kəsə hərəkətdən zövq almaq imkanı yaradan bir fəaliyyətdir.
“Flame” komandasının çıxışı festivalın əsas mesajını ifadə edib: Zaman dəyişir, amma enerjinin yaşı yoxdur!