İdman
gimnastikadan
başlayır
09 sentyabr 2025
5-7 sentyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində “Gimnastika hamı üçün” növü üzrə Avropa Gimnastikasının ənənəvi tədbiri – “4th Educational Long Weekend” keçirilib. Tədbirdə 15 ölkədən 33 iştirakçı yer alıb. Ölkəmizi “Gimnastika hamı üçün” növü üzrə məşqçilər Ayna Məmmədova və Alfiya Mantova təmsil ediblər.
Təlimlər zamanı müxtəlif Avropa ölkələrindən olan mütəxəssislər “Gimnastika hamı üçün” istiqamətində təcrübə mübadiləsi aparıb, seminar və praktiki məşğələlərdə iştirak ediblər. İştirakçılara bu sahədə yeni metodlar, inklüziv yanaşmalar, həmçinin kütləvi gimnastikanın inkişafı üçün tətbiq edilə biləcək nümunəvi proqramlar təqdim olunub.
Tədbir çərçivəsində nümayəndələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də gimnastikanın sağlam həyat tərzi və geniş kütlələr arasında populyarlaşdırılması ilə bağlı müzakirələr aparıblar.
Azərbaycan nümayəndə heyəti də həm nəzəri, həm də praktiki sessiyalarda fəal iştirak edərək təcrübələrini bölüşüb.
Qeyd edək ki, tədbirdə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü, Avropadakı milli nümayəndəmiz Ruslan Eyvazov da iştirak edib.