İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN SAYAĞI “MİSS VALENTİNA”

14 fevral 2011

AZƏRBAYCAN SAYAĞI “MİSS VALENTİNA”

Azərbaycan gimnastları Estoniyanın Tartu şəhərində ənənəvi “Miss Valentina-2011” beynəlxalq turnirində 18 medal, o cümlədən 7 qızıl medal qazanmışlar.

Milli yığmanın lideri Aliyə Qarayeva halqa, top və gürzlərlə hərəkətlərdə qızıl medal, lentlə isə bürünc medal qazanmaqla, öz yüksək statusunu bir daha təsdiq etmişdir.

Onun komanda yoldaşı Anna Qurbanova halqa və lentlə hərəkətlərdə ikinci yeri tutmuş, Zeynəb Cavadlı və Samirə Mustafayeva topla və halqa ilə hərəkətlərdə müvafiq olaraq 5-ci və 6-cı yerləri bölüşmüşlər.

Ölkəmizi təmsil edən iki qrup kollektivinin çıxışı da uğurlu olmuşdur. Anastasiya Prasolova, Ceyla Quliyeva, Cəmilə Hüseynova, Ayelita Xələfova, Səbinə Abbasova və Stefani Trayanovadan ibarət əsas qrup 3 lent/2 halqa ilə hərəkətlərdə gümüş, 5 topla isə bürünc medala sahib olmuşdur.

“Neftçi” klubunun yetirmələri Jalə Qaratova, İradə Əhədzadə, Mənsurə Mehdiyeva, Mədinə Həsənova və Aliyə Paşayevadan ibarət digər qrup 5 topla kombinasiyada daha yaxşı təsir bağışlamışdır. Hakimlər onların çıxışını rəfiqələrinkindən daha yüksək qiymətləndirərək gümüş medala layiq görmüşlər.

Bu yarışlarda iştirak edən bütün yeniyetmə gimnastlarımız da Bakıya medallarla qayıtmışlar. Belə ki, 13 yaşlı Gülsüm Şəfizadə lentlə hərəkətlərdə bütün rəqiblərini geridə qoymuş, halqa ilə hərəkətlərə görə gümüş mükafat qazanmışdır. Onun yaşıdı Ləman Dadaşlı gürzlərlə hərəkətlərə görə bürünc medalın sahibi olmuşdur. Ləman Hacızadə də (1999-cu il təvəllüdlü) gürzlər və topla hərəkətlərdə üçüncü nəticə göstərmişdir.

İplə hərəkətlərdə 11 yaşlı Ruqiyyə Səttarovanın tayı-bərabəri olmamışdır, Leyli İbrahimova (2001-ci il təvəllüdlü) alətsiz hərəkətlərdə üçüncü nəticəni göstərmişdir. Ən azyaşlı təmsilçimiz 7 yaşlı Lala Kramarenko isə alətsiz və halqa ilə hərəkətlərdə ilk qızıl medallarını qazanmışdır.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva demişdir: “Yarışların birinci günündən sonra ikinci yerdə olan yeniyetmə gimnastlardan ibarət qrupumuz, çox təəssüf, medalsız qalmışdır. 5 iplə hərəkətlərin həlledici məqamında yol verdikləri bir neçə səhvə görə Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyana Vasileva və Yekaterina Prokopenko dördüncü yerlə kifayətlənməli olmuşdur. Amma bu, cari ildə ilk yarışımızdır və mən bütün gimnastlardan çox razıyam. Onların hamısı yeni proqramla çıxış etmişdir. Çox şadam ki, yaxşı təsir bağışlamışlar. Elə tamaşaçılar da hər çıxışımızı alqışlarla qarşılayırdılar. Ən başlıcası isə bizi üç aydan sonra Minskdə keçiriləcək Avropa çempionatına hazırlaşmaq üçün ciddi iş gözləyir”.