İdman

gimnastikadan

başlayır

“Şadıq ki, tarixi nəticə əldə edə bildik”

23 may 2023

“Şadıq ki, tarixi nəticə əldə edə bildik”

Mayın 22-də Milli Gimnastika Arenasında ölkəmizdə bədii gimnastika üzrə keçirilən 39-cu Avropa çempionatında tarixi uğur qazanan bədii gimanstlarımızın iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda bədii gimnastika üzrə yığma komandanın məşqçiləri Siyana Vasileva, Yevgeniya Vilyayeva, Kamil Quliyev, Avropa çempionatının 3 lent və 2 topla hərəkətlərin icrasında qızıl, çoxnövçülük proqramında bürünc medalçıları - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina, topla hərəkətlərin icrasında bürünc medalçı Zöhrə Ağamirova iştirak ediblər.
Yığma komandanın məşqçisi Siyana Vasileva qeyd edib ki, gimnastlar həm gənclər, həm də böyüklər arasında təsnifat mərhələsində  müxtəlif alətlər üzrə fərqləniblər. “Çempionat bizim üçün uğurlu alındı. Doğma arenada çıxış etmək həmişə çətindir. Mən rəqiblər barədə düşünmürəm. Sadəcə, öz işimi görürəm. Həyəcan var idi və biz maksimum nəticə göstərmək istəyirdik. Şadıq ki, tarixi nəticə əldə edə bildik. Hazırlıqlarımızı davam etdirəcəyik, dayanmaq olmaz. Qarşıda bizi dünya kuboku yarışları gözləyir. Ən böyük hədəfimiz isə avqustda İspaniyanın Valensiya şəhərində keçiriləcək dünya çempionatında uğurla çıxış etməkdir. Çünki çempionat “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Ümid edirəm ki, komandamız Olimpiadaya lisenziya qazana biləcək”
Məşqçi-xoreoqraf Kamil Quliyev komandanın çıxışı hazırlanan zaman çətinliklə yanaşı, artistizmə də böyük önəm verildiyini xatırladaraq deyib: “Nəzər salsaq görərik ki, komandamız çıxışı zamanı artistizmə görə yüksək xal alıb. Gimnastlarımızın builki çıxışı ötənilki proqramdan çətinliyi ilə fərqlənir. Bunun nəticəsidir ki, komandamız Avropa çempionu oldu və çoxnövçülükdə bürünc medal qazandı. Ümid edirəm ki, qızlarımız dünya çempionatında daha yaxşı çıxış edəcəklər”.
Zöhrə Ağamirovanın çıxışını şərh edən məşqçi Yevgeniya Vilyaeva əlavə edib: “Zöhrədən çox razıyam, o, çox yaxşı çıxış etdi. Altı ildir ki, biz bu uğura doğru gedirdik. Etiraf edim ki, topla nəticələri ekranda görəndə sevinc göz yaşlarını saxlaya bilmədim”.
Qitə çempionatında topla yarışda bürünc mükafata sahib olan Zöhrə Ağamirova məqsədinin proqramlarını səhvsiz yerinə yetirmək olduğunu deyib: “Avropa çempionatına ciddi hazırlaşmışdım. Əlimdən gələni etməyə çalışdım. Şadam ki, medal qazana bildim. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya məni və qrup hərəkətləri komandasını təbrik etməsinə görə minnətdarlığımı bildirərəm. Onun bizi təbrik etməsi bizim üçün çox dəyərlidir”.
Qrup komandasının üzvü Zeynəb Hümmətova qeyd edib ki, gimnastlar həmişə bir-birinə dəstək olurlar: “Birimizin kefi yaxşı olmayanda, bu, digərinə də təsir edir. Bunun üçün həmişə yaxşı olmağa çalışırıq və bu, bizim çıxışımıza da təsir edir”.
Komandanın üzvü Güllü Ağalarzadə qeyd edib ki, həmişə əhval-ruhiyyəmizi yüksək tutmağa çalışırıq. “Komandada hər kəs bir-birini yaxşı tanıyır. Avropa çempionatı zamanı əlimizdən gələni etməyə çalışdıq. Bundan sonra da daha yaxşısını etməyə çalışacağıq. Məsuliyyətimiz daha da artıb”, - deyə G.Ağalarzadə əlavə edib.