16 fevral 2018
Xəbər verdiyimiz kimi, Bakı 2018-ci ilin 15-18 mart tarixlərində İdman Gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Turnirə hazırlıqların surətlə davam etdiyi bu günlərdə, ölkəmizə təşrif buyuracaq nümayəndə heyətlərinin tərkibi də artıq təsdiqlənib. Belə ki, gimnastikanın bu növü üzrə sayca üçüncü olan kubokda 25 ölkə - Azərbaycan, Belarus, Çili, Çin, Çin Taypeyi, Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, İtaliya, İran, İsrail, Yaponiya, Qazaxıstan, Latviya, Litva, Niderland, Norveç, Filippin, Sədiyyə Ərəbistanı, Sloveniya, Cənubi Afrika, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən 100-dən çox gimnast mübarizə aparacaq.
İştirakçılar arasında Çili və Çin Taypeyi yığma komandalarının üzvləri məhz Milli Gimnastika Arenasında debüt çıxışlarını edəcəklər. Ölkəmizdə təşkil olunan kuboklara ilk dəfə qatılmış Çilidən 1 gimnast, Çin Taypeyindən isə 3 gimnast arenada öz gücünü sınayacaq. Ən böyük gimnast heyəti ilə gələn ölkələrin siyahısına isə bu dəfə Sloveniya, Yunanıstan və Türkiyə komandaları liderlik edir.
Bakı tamaşaçısı gimnastların doğma arenasında yenidən bir çox tanınmış idmançıların çıxışlarını böyük zövglə izləmək imkanı əldə edəcək. Belə ki, Bakı kuboklarının artıq daimi favorit idmançısı sayılan, halqalarda icrasına görə Olimpiya Oyunlarının qızıl mükafatçısı, 2 qat dünya Çempionu və 3 qat Avropa çempionu, Yunanıstan təmsilçisi Elefterios Petrunias bu dəfə də arenada öz möhtəşəm çıxışları ilə izləyiciləri valeh edəcək.
Qadın idman gimnastları arasında isə ən tanınmışlardan biri, öz çıxışları ilə idmanda yaş stereotipinə qarşı çıxan, 28 illik peşəkar kariyerasında Olimpiya çempionu, dəfələrlə dünya və qitə yarışlarının mükafatçısı olmuş Özbəkistanlı Oksana Çusovitina da bu dəfə yeni hədəfləri üçün Bakını seçib.
Bunlarla yanaşı, Pekin Olimpiya Oyunlarının gümüş medalçısı Filip Ude (Xorvatiya), həmçinin 2017-ci ildə idman gimnastikası üzrə keçirilmiş Dünya Çempionatının turnikdə bürünc medalını əldə etmiş Bart Deurlo (Niderland) kubokumuzda çıxış edəcəklər.
Ölkəmizi isə bu turnirdə millimizin kişilər arasında ən potensiallı gimnastları, İslam Həmrəyliyi Oyunları 2017-nin komanda hesabında gümüş mükafatçıları, fərdi çıxışlarda isə müxtəlif əyarlı medallar əldə etmiş Murad Ağarzayev, Timur Bayramov və Bense Talas, qadınlar arasında isə İslam Oyunlarının komanda hesabında qızıl, şəxsi hesabda isə bir sıra medallar qazanmış qızları Yuliya İnşına və Marina Nekrasova, o cümlədən uzun müalicədən sonra yenidən meydançaya qayıdan Mariya Smirnova təmsil edəcəklər.
Qeyd edək ki, 4 günlük yarışlarda kişilər arasında 6, qadınlar arasında isə 4 cüt medal öz sahibinə qovuşacaq.