06 avqust 2021
Bu gün Yaponiyada keçirilən 32-ci Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar start götürüb.
Fərdi gimnastların təsnifat yarışlarında Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı olan Zöhrə Ağamirova da iştirak etdi.
Fərqli üslubu, sadə və eyni zamanda zərif yarış geyimləri ilə fərqlənən gimanstımız Ariake Arenadakı çıxışları ilə inamlı təsir bağışladı. İlk iki alətlə proqramını rahat və özünə əmin şəkildə yerinə yetirən gimnastımız, təəssüf ki, növbəti iki alətlə çıxışlarında kiçik səhvlərə yol verdi. Nəticədə, o həmin proqramlar üzrə hakimlərdən daha az qiymət aldı və finala adlamaq şansını itirdi. Çoxnövçülük üzrə keçirilmiş təsnifat yarışlarında Zöhrə 18-ci yerdə qərarlaşdı.
Qeyd edək ki, 19 yaşlı Zöhrə Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı gimnastdır.