08 yanvar 2025
Azərbaycan Gimnastika Federasiyası 2025-ci il üzrə "Könüllülük proqramı" elan edir.
“Birlikdə güclüyük!” adlı könüllülük proqramında gənclər Azərbaycan Gimnastika Federasiyası tərəfindən 2025-ci ildə gimnastika növləri üzrə Bakıda keçiriləcək yerli və beynəlxalq yarışlarda könüllü kimi iştirak etmək, təcrübə qazanmaq və maraqlı dostluqlar qurmaq şansı əldə edəcəklər.
Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında məlumatlandırma sessiyaları təşkil olunacaqdır.
Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara, yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılarla ünsiyyət, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir.
Könüllülük proqramına qoşulmaq istəyən şəxslər 20 yanvar 2025-ci il tarixinədək aşağıdakı linkə daxil olaraq, elektron ərizə formasını doldurub müraciət edə bilərlər:
https://forms.gle/EJzzPoNudzNfvLKd7