29 dekabr 2021
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, həmin təhsil ocağının “Gimnastikanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, professor Elşad Nərimanovun 80 illik yubileyi və idman fəaliyyətinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rəsmilər, federasiya nümayəndələri və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
29 dekabr 1941-ci ildə Bakı şəhərində anadan olan Elşad müəllim ömrünün böyük hissəsini gimnastikaya həsr edərək, “İdman ustası”, “beynəlxalq dərəcəli hakim”, “Əmək veteranı”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adları, “Tərəqqi” medalı ilə təltif edilib, Prezidentin fərdi təqaüdçüsüdür.
25 ildən artıq müddət ərzində İdman Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olan Elşad müəllim eyni zamanda Gimnastika Federasiyasının Veteranlar Şurasının sədridir. Gimnastika növləri üzrə Kompleksli Elmi Tədqiqat qrupunun rəhbəri vəzifələrini layiqincə icra etmiş E. Nərimanov, federasiyanın fəaliyyətində də hər zaman yaxından iştirak edib.
Azərbaycan Gimnastika Federasiyasının kollektivi Elşad Nərimanovu gimnastika ictimaiyyəti adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və müvəffəqiyyətlər arzu edir!