16 may 2017
Mayın 15-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası üzrə yarışlarına yekun vurulub. İdman gimnastlarımız bu mötəbər yarışı 5 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, idman gimnastikası yarışının ikinci günündə kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, halqalarla hərəkətlər, dayaqlı tullanma, gimnastika atı və turnikdə hərəkətlər, qadınlar arasında isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər üzrə fərdi yarışların qalibləri müəyyənləşib.
İdman gimnastikası yarışlarında Azərbaycanı kişi idmançılar Murad Ağarzayev, Timur Bayramov, Bence Talas, qadınlardan isə Yuliya İnşina, Yekaterina Tişkova və Marina Nekrasova təmsil ediblər.
Sərbəst hərəkətlərdə Murad Ağarzayev 14,400 xalla birinci yeri tutub. Gümüş medala 13,350 xalla Əlcəzair gimnastı Ahmed Anis Maoudc, bürünc medala 13,100 xalla Türkiyə gimnastı Ahmet Öndər layiq görülüb.
Paralel qollarda azərbaycanlı gimnast Timur Bayramov 13,100 xal toplayaraq bürünc medalla kifayətlənib. Qızıl medala 14,900 xalla Fərhad Arican (Türkiyə), gümüş medala isə 13,500 xal toplamış Hilal Metidji (Əlcəzair) sahib olublar.
Halqalar üzrə hərəkətlərdə qızıl medala 15,250 xalla İbrahim Çolak (Türkiyə) layiq görülüb. Azərbaycan təmsilçisi Talas Bence halqalarla hərəkətlərdə 14,500 xal toplayaraq gümüş medala sahib olub. Bürünc medalı isə 13,850 xal toplayan iranlı Hadi Kanarinejad aktivinə yazdırıb.
Dayaqlı tullanma yarışında türkiyəli Öndər Ahmet 14,100 xalla qızıl medala layiq görülüb. Əlcəzair gimnastı Mohammed Abdelcalil Bourqieq 13,950 xalla gümüş, İndoneziya gimnastı Muhammad Afrizal 13,575 xalla bürünc medal qazanıb.
Gimnastika atında təmsilçimiz Talas Bence 14,250 xal toplayaraq qızıl medalı təmin edib. İran gimnastı Saidreza Keixa 14,200 xalla gümüş, Qətər gimnastı Ahmed Aldyani 13,600 xalla bürünc medal qazanıb.
Turnik üzərində hərəkətlərdə gimnastımız Talas Bence 14,000 xal toplayaraq növbəti qızıl medala sahib olub. İkinci və üçüncü yerləri Türkiyə gimnastları Fərhad Arican (13.250) və Ahmet Öndər (13,200) tutublar.
Qadın idman gimnastikasında dayaqla tullanmada qızıl medala 14,250 xalla Özbəkistan təmsilçisi Oksana Çusovitina, gümüş medala 13,750 xalla təmsilçimiz Marina Nekrasova, bürünc medala isə 13,025 xalla İndoneziya gimnastı Rifda İnfanalutfi sahib olublar.
Müxtəlif hündürlüklü qollarda Türkiyə gimnastı Demet Mutlu 12,750 xalla qızıl, Azərbaycan təmsilçisi Yekaterina Tişkova 12,400 xalla gümüş, türkiyəli Ekin Morova isə 11,900 xalla bürünc medallara layiq görülüblər.
Gimnastika tirində hərəkətlərdə qızıl medalı 12,750 xalla türkiyəli Göksu Uçtaş Şanlı, gümüş medalı Marina Nekrasova (12,600), bürünc medalı Yuliya İnşina (12,250) qazanıblar.
Sərbəst hərəkətlərdə qızıl medala 13,100 xalla təmsilçimiz Yuliya İnşina layiq görülüb. Türkiyə təmsilçisi Ustaş Şanlı Göksu 13,050 xalla gümüş, Demet Mutlu isə 12,700 xalla bürünc medala sahib olublar.
Qaliblərə medalları Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və digər şəxslər təqdim ediblər.
Çempionların şərəfinə təmsil etdikləri ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.
Beləliklə, Azərbaycan atletləri İslamiadanın idman gimnastikası üzrə yarışlarında 12 medal (5 qızıl, 5 gümüş və 2 bürünc) qazanıblar. Bədii gimnastika yarışlarında isə Azərbaycan idmançıları milli komandamızın aktivinə 8 medal (4 qızıl, 2 gümüş, 2 bürünc) əlavə ediblər. Bununla da Azərbaycan gimnastları IV İslam Həmrəyliyi Oyunlarının tarixinə adlarını 20 medalla (9 qızıl, 7 gümüş və 4 bürünc) yazdırıblar.