İdman

gimnastikadan

başlayır

1-ci Bakı Beynəlxalq “Challenge”-inə həsr olunmuş mətbuat konfransı keçirilib

16 iyun 2023

1-ci Bakı Beynəlxalq “Challenge”-inə həsr olunmuş mətbuat konfransı keçirilib

Sabah Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-inə start veriləcək.
16 iyun tarixində Milli Gimnastika Arenasında tədbirlə bağlı mətbuat konfransı keçirilib. Konfransda Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin Prezidenti Hlif Thorgeirsdottir, gimnastika hamı üçün növü üzrə baş məşqçi, Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü Ruslan Eyvazov, gimnastika hamı üçün növü üzrə məşqçi Rəna Manafova iştirak ediblər.
Texniki Komitənin Prezidenti Hlif Thorgeirsdottir qeyd edib ki, Azərbaycan gimnastika hamı üçün növündə çox böyük addımlar atır: “Bakıda olmaq çox xoşdur. Gimnastika hamı üçün növü həqiqətən də, hamı üçündür. Getdikcə daha çox Avropa ölkəsi bizə qoşulur. Mən şadam ki, Challenge Azərbaycanda keçirilir, çünki biz mümkün qədər çox ölkəni əhatə etmək istəyirik.
Azərbaycan Gimnastika Federasiyası bu sahədə uğurlu iş görür. Gülərüz insanlar və çox xoş atmosfer var. Burada yaxşı məşqçilər, gimnastlar və infrastruktur var. Bu, çox şey deməkdir. Şadam ki, Challenge-də yaşı 50-dən yuxarı olan insanlar iştirak edəcək. Məqsədimiz bu növü mümkün qədər çox insana çatmaqdır”.
Baş məşqçi Ruslan Eyvazov bildirib ki, Azərbaycanda gimnastika hamı üçün növü 2015-ci ildən inkişaf edir. 2019-cu ildən biz bu növ üzrə yeni bölmələr açmışıq. Biz seminarlar və festivallar təşkil edirik. Tədbirlərdə fəal iştirak edirik. Bizim də “Qızıl yaş” adlı komandamız var. Əvvəlcə 50 yaşdan yuxarı altı gimnastımız var idi. İndi isə onların sayı 12-dir. 2021-ci ildə Azərbaycan ilk dəfə olaraq Kiprdə keçirilən “Golden Age” festivalında iştirak edib”.
O qeyd edib ki, müsabiqədə ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri iştirak edəcəklər.

Məşqçi Rəna Manafova artıq iki ildir ki, “Golden Age” komandasının üzvü olduğunu bildirib.

“Sabah mən də yetişdirdiyim idmançılarla yarışacağam. Ümid edirəm ki, çıxışlarımız uğurlu olacaq", -deyə o əlavə edib.
Məlumat üçün bildirək ki, “Challenge”-də Azərbaycan, Gürcüstan və Litvanı təmsil edən 46 komandadan 446 idmançı iştirak edəcək. Yarışlar Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı Dənizkənarı Milli Parkda keçiriləcək. “Challenge”də paytaxt təmsilçiləri ilə yanaşı, Azərbaycanın 20 rayonunun idmançıları da qüvvələrini sınayacaqlar.

Tədbir festival iştirakçılarının Dəniz Mall-dan Azərbaycan Dövlət Kukla Teatrının binasına doğru yürüşü ilə başlayacaq.

“Challenge” çərçivəsində gimnastika hamı üçün ustad dərsləri, breykdans üzrə nümayiş çıxışları, eləcə də tamaşaçılarla fləşmob keçirilməsi planlaşdırılır.

İyunun 18-də baş tutacaq qala-şounun xüsusi qonağı “Eurovision” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov olacaq.