25 mart 2025
19-24 mart tarixlərində aerobika və idman gimnastikası üzrə milli komandamızın üzvləri ölkə xaricində keçirilən Dünya kuboklarında iştirak ediblər.
Türkiyənin Antalya şəhərində keçirilən “İdman gimnastikası üzrə Dünya kuboku”nda iştirak edən təmsilçimiz Nikita Simonov yenə də kürsünü boş qoymayıb. Belə ki, o, sevimli proqramı olan halqalarda 14.267 xal toplayaraq ikinci pillədə yer alıb və gümüş medalın sahibi olub.
Portuqaliyanın Kantanhede şəhərində keçirilən “Aerobika gimnastikası üzrə Dünya kuboku”nda isə Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük yüksək performans sərgiləyərək 19.350 xalla qızıl medalı qazanıb.
Bu, onların Dünya kubokunda qazandıqları ilk qızıl medal idi. Təmsilçilərimizin də qeyd etdiyi kimi, rəqiblər kifayət qədər güclü idilər, lakin düzgün sinxronizasiya və diqqət onları üstələməyə kömək etdi.
İdmançılarımızı əldə etdikləri bu nailiyyətlər münasibətilə təbrik edirik!