İdman

gimnastikadan

başlayır

Dünya kubokunun açılış mərasimi baş tutdu

19 aprel 2024

Dünya kubokunun açılış mərasimi baş tutdu

19 aprel tarixində paytaxt Bakıda bədii gimnastika üzrə Dünya kubokunun açılış mərasimi uğurla baş tutdu. Açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri, cənab Fərid Qayıbov çıxış etdi. O, ölkəmizə yarışda iştirak etmək üçün səfər etmiş nümayəndə heyətləri və təşkilat komitəsinin üzvləri, könüllülər və izləyiciləri salamlayaraq, hər kəsə öz ürək sözlərini çatdırdı. Sonda cənab nazir ölkəmizdə keçirilən Dünya kubokunu rəsmən açıq elan etdi.

Yarışda Azərbaycanla yanaşı, 41 ölkəni təmsil edən 129 ulduz idmançı fəxri kürsünün ən yüksək pilləsi uğrunda mübarizə aparırlar. Dünya kubokunda Azərbaycanı ümumilikdə 8 gimnast təmsil edir.

Yarışın ilk günü böyüklərdən ibarət fərdi proqramda millimizin üzvləri Zöhrə Ağamirova və Kamilla Seyidzadə çıxış ediblər. Zöhrə Ağamirovanın halqa ilə çıxışı hakimlər briqadası tərəfindən 33.650 xal ilə qiymətləndirildi. Topladığı xal ona 4-cü pillədə qərarlaşmağa və final mərhələsinə yüksəlməyə imkan verib. Yarışın birinci günü, Kamilla Seyidzadə analoji olaraq həm halqa, həm də topla çıxışlarını nümayiş etdirdi.

Böyüklərdən ibarət qrup hərəkətlərində millimizin üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova olduqca uğurla çıxış edərək həm hakimlər briqadasını, həm də Milli Gimnastika Arenasında toplaşmış azarkeşləri valeh etməyi bacardılar. Onlar 5 halqa ilə çıxışlarına görə 36.550 xal qazanaraq, 3-cü yerə layiq görüldülər. Fantastik çıxışlarının hesabına, gimnastlarımız öz adlarını final mərhələsində iştirak üçün yazdıra bildilər.

Qeyd edək ki, sabah saat 12:00-da Dünya kubokunun ikinci günü start götürəcək.