İdman

gimnastikadan

başlayır

2023-cü il – gimnastika tariximizdə yeni nailiyyətlər ili

30 dekabr 2023

2023-cü il – gimnastika tariximizdə yeni nailiyyətlər ili

 

2023-cü ili Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün daha bir tarixi nailiyyətlər ili adlandırmaq olar. Bu il həm ölkəmizdə keçirilən gimnastika yarışları, həm də gimnastlarımızın uğurları ilə zəngin bir il kimi yadda qaldı.
Müxtəlif gimnastika növlərini təmsil edən yığma komandalarımızın üzvləri parlaq nəticələri ilə bizi sevindirdilər.  
2023-cü ildə ölkəmizdə gimnastika növləri üzrə 6 beynəlxalq səviyyəli yarış, gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i, eləcə də gimnastika növləri üzrə bir sıra ölkədaxili çempionat və birinciliklər təşkil edildi.
Yarışlar mövsümünə ilk olaraq ənənəvi Dünya Kubokları ilə start verildi. Sevindirici haldır ki, ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışların hər birində gimnastlarımız uğurlu nəticələr əldə etdilər.   
İlin ilk beynəlxalq yarışı fevral ayında Milli Gimnastika Arenasında təşkil edilən batut gimnastikası üzrə Dünya kuboku oldu. Bu yarışda yığma komandamızın üzvü Selcan Mahsudova bürünc medala layiq görüldü.
Mart ayında ölkəmiz idman gimnastikası üzrə daha bir Dünya kubokuna ev sahibliyi etdi. Yığmamızın üzvü Nikita Simonovun “qızıl”-ı ilə yadda qalan yarışda gimnastika növləri üzrə ölkəmizdə keçirilən Dünya kubokları tarixində iştirakçı ölkə sayına görə rekord göstərici (48 ölkə, 173 idmançı) qeydə alındı.
Aprel ayında paytaxtımız daha bir beynəxalq yarışı uğurla təşkil etdi. 14 ölkədən 119 idmançının iştirakı ilə ölkəmizdə 3-cü dəfə təşkil olunan “AGF Trophy” beynəlxalq turniri Azərbaycan komandasının həm gənclər, həm də böyüklər yaş kateqoriyasında 14 medalı ilə yekunlaşdı.
Həmin ay Azərbaycanda keçirilən növbəti beynəlxalq yarış da bədii gimnastika üzrə oldu. 40 ölkədən 135 gimnastın iştirakı ilə təşkil edilən Dünya kuboku qrup hərəkətləri üzrə yığmamızın 2 bürünc medalı ilə yadda qaldı.
Ölkəmizdə təşkil edilən ilin ən mötəbər gimnastika yarışı bədii gimnastika üzrə 39-cu Avropa çempionatı oldu. Bu növ üzrə iki dəfə dünya, dörd dəfə isə qitə çempionatına uğurla ev sahibliyi edən Azərbaycan “Ulduz kimi parla” ("Shine like a star") şüarı altında keçirilən builki Avropa çempionatının uğurlu təşkili ilə bir daha özünü yüksək təşkilatçı kimi təsdiqlədi.  
38 ölkədən 315 idmançının iştirakı ilə 5 gün ərzində keçirilən yarışda Azərbaycan təmsilçiləri tarixi uğura imza atdılar. Zərif nümayəndələrimiz Avropa çempionatında 5 medala (1 qızıl, 4 bürünc) layiq görüldülər.  Böyüklərdən ibarət qrup hərəkətləri komandamız Azərbaycan gimnastika tarixində ilk dəfə Avropa çempionatının qızıl medalını qazandı. Daha bir medal sevincini bizə fərdi gimnastımız Zöhrə Ağamirova yaşatdı. Təcrübəli gimnastımız Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırdı. İdmançılarımızın uğurlarından danışarkən, gənc gimnastlarımızı da xüsusilə qeyd etmək lazımdır. Çempionatda  gənclərdən ibarət qrup komandamız 2 bürünc medala sahib çıxdı. Gimnastlarımız bu nəticə ilə həm də ilk dəfə olaraq qitə çempionatında iki çıxış proqramında medal qazanmağa müvəffəq olan komanda kimi tarixi uğur əldə etdilər.
İyun ayında ölkəmizdə ilk dəfə olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i təşkil edildi. “Challenge”-də 46 komandadan 446 iştirakçı bir-birindən maraqlı və rəngarəng çıxış proqramları ilə şəhərimizin sakinlərinə xoş anlar bəxş etdi. Azərbaycan gimnastlarına Litvanın “Little autumn” və Gürcüstanın “Dio dance” komandaları da qoşuldu.
Payızın ilk ayında gimnastların növbəti dayanacağı qədim tarixə və zəngin mədəniyyətə malik Naxçıvan şəhəri oldu. Sentyabrda burada  ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçirildi.  
Azərbaycanda gimnastikanın inkişafına böyük töhfə verən, ölkəmizdə gimnastika növləri üzrə ixtisaslaşan, yığma komandalara peşəkar idmançılar hazırlayan “Ocaq Sport” Klubunun 2023-cü ildə 10 yaşı tamam oldu. Yubiley ilində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci beynəlxalq “Ocaq kuboku” təşkil edildi. Böyük və mehriban gimnastika ailəsi olan “Ocaq Sport” Klubu 10 illik yubileyini dekabrın əvvəlində heyrətamiz gimnastika şousu ilə qeyd etdi.
Müxtəlif gimnastika növləri üzrə yığma komandamızın üzvləri bu il beynəlxalq turnirlər, Dünya kubokları ilə yanaşı, ilin əsas yarışları olan Avropa və dünya çempionatları, Ümumdünya Yay Universiadası, ll MDB Oyunlarında qazandıqları nəticələrlə də bizi sevindirdilər.
Aprel ayında Fransanın Tiye şəhərində keçirilən bədii gimnastika üzrə 34-cü Beynəlxalq Qran-pri yarışında bədii gimnastlarımız 1 qızıl, 4 gümüş və 1 bürünc medala sahib çıxdılar.  
İyun ayında Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında bədii gimnast Mehriban Tağıyevanın qazandığı 1 qızıl, 3 bürünc medal Azərbaycan gimnastika tarixinə yeni nailiyyət kimi yazıldı.  
İyulda Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri gimnastika tariximizdə ilk dəfə olaraq 3 bürünc medal qazandılar.
Həmin ay Çinin Çendu şəhərində keçirilmiş 31-ci Ümumdünya Yay Universiadasında bədii gimnastımız  Zöhrə Ağamirova 2 gümüş, 1 bürünc medal qazandı.
İyulda Azərbaycanın gimnastika hamı üçün növü üzrə “Alov” (“Flame”) komandası hər 4 ildən bir keçirilən, bu dəfə isə Hollandiyanın Amsterdam şəhərində 56 ölkədən 19000-ə yaxın iştirakçını bir araya gətirən 17-ci Ümumdünya Gimnastradasına qatıldılar.
Avqust ayında Belarusun paytaxtı Minskdə keçirilən ll MDB Oyunlarında  gənclərdən ibarət qrup hərəkətləri komandamız 3 bürünc medal əldə etdi.  
Avqust ayında İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə lisenziya xarakterli 40-cı dünya çempionatında fərdi proqramda ölkəmizi təmsil edən Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük üzrə təsnifat mərhələsində 12-ci pillədə qərarlaşaraq Paris-2024-ə lisenziya qazandı.
Oktyabr ayı da gimnastikamız üçün əlamətdar oldu. Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən 31-ci Avropa çempionatında təmsilçilərimiz rekord nəticəyə - 7 qızıl, 2 gümüş medala sahib çıxdılar. Azərbaycan gimnastika tarixində təmsilçilərimiz ilk dəfə böyüklər arasında qarışıq və kişi cütlüyü proqramında Avropa çempionu titulunu qazanmağa nail oldular. Bu yarışda gənc idmançılarımız da məharətli və özünəinamlı çıxışları ilə öz sözlərini deməyi bacardılar.  
Noyabr ayında da gimnastlarımız uğurlu çıxışlarını davam etdirdilər. Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında təmsilçimiz Mixail Malkin gimnastika tariximizdə ilk dəfə tamblinq üzrə qızıl medal qazandı. İdmançımız komanda yoldaşları Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədovla birgə komanda hesabında da birinci olaraq, özü üçün ikiqat dünya çempionu titulunu rəsmiləşdirdi. Bu uğur millimizin Azərbaycan gimnastikası tarixində tamblinq üzrə ilk dəfə komanda hesabında qazandığı qızıl medal oldu.
Noyabr ayında Böyük Britaniyanın Birminqem şəhəri Azərbaycan gimnastlarının daha bir tarixi uğuruna şahidlik etdi. Batut gimnastikası və tamblinq üzrə keçirilən 30-cu dünya yaş qrupları yarışlarında təmsilçilərimiz 2 gümüş, 1 bürünc medala sahib çıxdılar. Qadınlar arasında əldə olunan nəticə sinxron proqramda Azərbaycan gimnastikası tarixində dünya yaş qrupları yarışında qazanılan ilk nailiyyət oldu.
Bu il təmsilçilərimiz Nikita Simonov (idman gimnastikası), Ağasif Rəhimov, Raziyə Seyidli (akrobatika gimnastikası) və Mixail Malkin (tamblinq) Dünya kuboklarında topladıqları ən yüksək nəticələrinin cəminə əsasən FIG kubokuna layiq görüldülər.
Bu il gimnastlarımız ölkə xaricində keçirilən bir sıra Dünya kuboklarında yüksək uğurlar qazandılar. Qadın idman gimnastımız Nazənin Teymurovanın bu ildən etibarən ilk dəfə böyüklər arasında çıxış etməsini nəzərə alsaq, 2023-cü ildə iştirak etdiyi 3 Dünya kubokunda finala vəsiqə qazanmasını yüksək qiymətləndirmək olar.
2023-cü il ərzində gimnastlarımız beynəlxalq səviyyəli yarışlarda 68-i qızıl, 48-i gümüş və 48-i bürünc olmaqla ümumilikdə 164 medal əldə etdilər. Yola salmaq üzrə olduğumuz 2023-cü ildə gimnastlarımız ilk dəfə olaraq müxtəlif gimnastika növləri üzrə Avropa və dünya çempionatlarında rekord sayda qızıl medala (10 qızıl) sahib çıxdılar.
Qazanılan uğurların nəticəsidir ki, təmsilçilərimiz 2023-cü ildə də Azərbaycan idmançılarının reytinq cədvəlində mütəmadi olaraq liderliyini qoruyub saxladılar.
Bu il AGF daha üç mühüm xəbərə sevindi. Avropa Gimnastikasının təşəbbüsü ilə 2024-cü il 3-5 may tarixlərində bədii gimnastika üzrə Avropa Kubokunun ilk dəfə Bakıda keçirilməsi müəyyənləşdi. Qurumun Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında 2024-cü ilin 16-19 oktyabr tarixlərində Bakının “TeamGym” üzrə Avropa çempionatına ev sahibliyi etməsi öz təsdiqini tapdı. Türkiyənin Antalya şəhərində keçirilən FIG Şurasının iclasında isə 2027-ci il 15-19 sentyabr tarixlərində bədii gimnastika üzrə 43-cü dünya çempionatının Azərbaycanda keçirilməsi qərara alındı.
Gimnastlarımızın uğurları ilə yanaşı, məşqçi və hakimlərimizin də fəaliyyətini qeyd etmək lazımdır. FIG tərəfindən keçirilən hakimlik imtahanlarında təmsilçilərimiz Kamil Quliyev (batut gimnastikası), Kristina Pravdina (idman gimnastikası) 2-ci, Anjella Abdullayeva (idman gimnastikası), Rahib Əliyev (tamblinq) 3-cü, Lalə Hüseynova (aerobika gimnastikası) isə 4-cü beynəlxalq hakimlik dərəcəsi əldə etdilər.
Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakimlərimiz Yevgeniya Vilyayeva və Nigar Abdusalimovanın gənclər və böyüklər arasında keçirilən dünya və Avropa çempionatlarında fəaliyyəti hakimlərin işinin qiymətləndirilməsi proqramının təhlilinə əsasən Beynəlxalq Gimnastika Federasiyası və Avropa Gimnastikası tərəfindən yüksək qiymətləndirildi.
İdman gimnastikası üzrə beynəlxalq dərəcəli hakimlərimiz Kristina Pravdina və Rza Əliyev Paris-2024-də hakimlik etmək üçün dəvət aldılar.
Məşqçilərimizin ixtisaslarının artırılması istiqamətində də işlər həyata keçirildi. Federasiya tərəfindən bədii gimnastika, akrobatika gimnastikası və tamblinq üzrə 1-ci, aerobika gimnastikası üzrə isə 2-ci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsi keçirildi. Onların təcrübələrinin artırılması məqsədilə kurslarda əcnəbi mütəxəssilərin iştirakı təmin edildi. Bu il yığma komandamızın mütəxəssisləri də səmərəli fəaliyyətləri ilə seçildilər. İspaniyanın Marbella şəhərində Avropa Gimnastikasının Texniki Komitəsinin İspaniya Gimnastika Federasiyası ilə əməkdaşlığı çərçivəsində “Fərdi gimnastlar və qrup komandaları üçün fiziki və psixoloji  hazırlıq” mövzusunda bədii gimnastika üzrə keçirilən məşqçilik kurslarında Azərbaycan yığma komandasının 6 məşqçisi iştirak etdi. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə kurslarda ölkəmizi ekspert qismində təmsil etdi. Bədii gimnastika üzrə yığma komandanın məşqçisi Dariya Lexkaya Hindistanın “Kalaakar” bədii gimnastika klubunun dəvəti ilə yerli klubun təmsilçilərinə təlim-məşqlər və ustad dərsləri keçdi.
2023-cü ildə Bakı ilə yanaşı, bölgələrdə də gimnastika növlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirildi. Eləcə də yerli yarışlar təkcə paytaxtda deyil, digər şəhərlərdə təşkil edildi.  Bölgələrdə gimnastika bölmələrinin sayı artaraq 31 oldu. Bu il ölkəmizdə 3 yeni gimnastika bölməsi (Ağdam, Quba, Beyləqan) fəaliyyətə başladı ki, onlardan hər biri məhz bölgələrin payına düşdü.
Federasiya tərəfindən ilboyu bölgələrdə müxtəlif yarışlarla yanaşı, mötəbər turnirlər öncəsi yoxlama məşqləri, tanınmış gimnastlarımızın iştirakı ilə nümunəvi çıxışlar, ustad dərsləri və s. təşkil edildi.  
Bölgə idmançılarının və gimnastika bölmələrində məşq edən istedadlı və perspektivli idmançıların peşəkarlıq səviyyəsinin artırılması üçün onların paytaxtda təlim-məşqlərdə iştirakı təmin olundu.
2023-cü ildə AGF tərəfindən peşəkar idmanın inkişafı ilə yanaşı, bu sahədə kütləviliyin təmin edilməsi, əhalinin sağlam həyat tərzinə cəlb olunması istiqamətində də bir sıra tədbirlər həyata keçirildi. Bu məqsədlə Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində paytaxtın müxtəlif yerlərində gimnastika hamı üçün növü üzrə nümunəvi çıxışlar oldu. AGF Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Ümid yeri” uşaq sığınacağında gimnastika bölməsinin açılışını edərək balaca sakinləri sevindirdi.
2023-cü ildə Milli Gimnastika Arenası qeyri-rəsmi olaraq gimnastika üzrə beynəlxalq təlim-məşq mərkəzi statusunu qoruyub saxladı. Dünyanın 39 ölkəsindən gimnastlar ölkəmizdə keçirilən təlim-məşqlərdə iştirak etdilər. Bu il arena öz qapılarını Avstriya, Türkiyə, Kolumbiya, Norveç, Portuqaliya, Slovakiya, Qazaxıstan, İspaniya, Latviya, Polşa, Sierra Leone, İran, Bolqarıstan, Malayziya, Macarıstan, Monqolustan, Sloveniya, Slovakiya, Özbəkistan, Filippin, Hindistan, Böyük Britaniya, İsrail, Koreya, Misir, Anqola, Gürcüstan, İndoneziya, Moldova, Çexiya, Çin, Meksika, ABŞ, İsveç, Çex Respublikası, Qırğızıstan, Yamayka, Serbiya, Lüxemburqu təmsil edən nümayəndələrin üzünə açdı.  
Dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzaladı. Sevindirici haldır ki, mənzil alanlar sırasında bədii gimnastika üzrə Avropa çempionatının böyüklər arasında gümüş və bürünc medalçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan qrup hərəkətləri komandasının tərkibində çıxış etmiş, hazırda isə yığma komandanın məşqçisi kimi fəaliyyət göstərən Aliyə Paşayeva da yer aldı.
Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin 2023-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimində gimnastika üzrə 8 nominasiyada ilin ən yaxşıları sırasında yer aldıq. AGF “İlin ən yaxşı idman federasiyası” nominasiyasının qalibi oldu. Eləcə də bədii gimnastika üzrə qrup hərəkətləri komandası və 2 fərdi gimnastımız reytinq cədvəlində 2023-cü ili ilk onluqda başa vuran idmançılar sırasında yer aldı.
Nəhayət, AGF 2023-cü ilə ənənəvi Yeni il şousu ilə yekun vurdu. Gimnast və məşqçilərin iştirakı ilə yeni il ərəfəsində baş tutan “Oyuncaqların sərgüzəştləri” adlı möhtəşəm Yeni il şousu bütün gimnastikasevərlərə əyləncəli anlar yaşatdı.
Son olaraq isə, federasiyanın işçi heyəti, o cümlədən məşçqi və gimnastlar onlara doğma olan Milli Gimnastika Arenasına toplaşaraq, bayramı ənənəyə sadiq qalaraq birgə qeyd etdilər. Tədbirdə 2023-cü ilin nəticələri üzrə AGF-nin reytinq siyahısında yer alan idmançılar müəyyənləşdi və onlara AGF-nin vitse-prezidenti Altay Həsənov tərəfindən diplom və xatirə hədiyyələri təqdim olundu.  
Bununla da, məhz birlik və bərabərliyi öz fəaliyyətində hər zaman tərənnüm etməyə çalışan Azərbaycan Gimnastika Federasiyası tarixi və bol nailiyyətlərlə zəngin olan 2023-cü ili uğurla başa vurdu.  2024-cü ilin möhtəşəm idman ili olması diləyi ilə hər kəsə sağlamlıq, istəklərinin həyata keçməsini və müvəffəqiyyət arzu edirik!
Azərbaycan gimnastika ailəsi adından Sizi 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik!