İdman

gimnastikadan

başlayır

Braziliyada gimnastika hamı üçün növü üzrə kollokvium keçirilib

27 mart 2024

Braziliyada gimnastika hamı üçün növü üzrə kollokvium keçirilib

Braziliyanın Arakaju şəhərində 20-22 mart tarixlərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) təşkilatçılığı ilə gimnastika hamı üçün növü üzrə kollokvium keçirilib. 3 gün müddətində keçirilən kollokvium müxtəlif ölkələrin nümayəndələri üçün təqdimat və müzakirələrlə davam edib. 39 ölkədən 61 nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Avropa Gimnastikasının, gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin üzvü, bu növ üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ruslan Eyvazov təmsil edib. Tədbirdə Ruslan Eyvazovun gimnastika hamı üçün növünün Azərbaycanda inkişaf tarixi barədə təqdimatı nümayiş olunub. Azərbaycanda 2015-ci ildən etibarən inkişaf etdirilən bu növ üzrə həmin dövrdən etibarən Bakı şəhəri və regionlar da daxil olmaqla festival və Beynəlxalq Challange tədirlərinin keçirildiyi xüsusi vurğulanıb. 
Kollokviumda həmçinin bu növün gələcək inkişafı və təcrübə mübadiləsi perspektivləri müzakirə olunub, qarşıda keçiriləcək tədbirlər barədə məlumat verilib, praktiki məşğələlər təşkil edilib. R. Eyvazov gələcək dövrlərdə də gimnastikanın sözügedən növü üzrə davam edəcək layihələrdən söz açaraq bildirib ki, 1-2 iyun tarixlərində gimnastika hamı üçün növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”-i üçün xüsusi hazırlıqlar görülməyə başlanılıb.