İdman

gimnastikadan

başlayır

3 yaşdan 88 yaşadək - parlaq emosiyalarla yadda qalan 1-ci “Challenge”

18 iyun 2023

3 yaşdan 88 yaşadək - parlaq emosiyalarla yadda qalan 1-ci “Challenge”

Ölkəmiz gimnastika növləri üzrə daha bir beynəlxalq tədbiri uğurla başa vurdu.
Paytaxtımızda, Dənizkənarı bulvarda keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i hər kəsin yaddaşında silinməz izlər buraxdı.
 “Challenge”-ə 46 komandadan 446 iştirakçının qatılması ölkəmizdə gimnastika hamı üçün növünün populyarlığını bir daha təsdiq etdi.
İyunun 18-də tamaşaçılar 46 komandanın təqdimatında maraqlı kompozisiyalardan ibarət çıxışların şahidi oldular. “Challenge”in final günündə baş tutan qala-şou idmanı, musiqini, rəqsi sevən hər kəs üçün əsl bayrama çevrildi.
“Dio dance” komandasının üzvü, Gürcüstandan olan gənc gimnast Anastasiya İremaşvili qeyd etdi ki, “Challenge” ona inanılmaz emosiyalar bəxş etdi: "Bakıda komandamız 5 nəfərlə çıxış etdi. Tədbir yüksək səviyyədə təşkil olunub. Bu cür tədbirlərin keçirilməsi təkcə çıxış etmək üçün deyil, həm də digər komandaların proqramlarına baxmaq, onlarla görüşmək üçün gözəl imkandır”.
Litvanı isə müsabiqədə 60-88 yaş arası iştirakçıların daxil olduğu “Kiçik payız” komandası təmsil etdi.
Tədbirin ən yaşlı idmançısı da məhz bu komandanı təmsil edən 88 yaşlı Zita Janciauskiene idi.  
"Komandamız 2006-cı ildən çıxış edir, heyətimiz 18 gimnastdan ibarətdir, lakin onların hamısı Bakıya gəlməyib. Şadam ki, bu tədbirdə iştirak etmək üçün dəvət almışıq. Azərbaycanın paytaxtında keçirilən "Challenge" iştirak etdiyimiz sayca dördüncü tədbirdi. Bundan əvvəl İtaliya, Yunanıstan, Portuqaliyada çıxışlar nümayiş etdirmişik. Bakı çox gözəl, təmiz, şəhərdir, insanları mehribandır.  Biz Azərbaycan komandalarının çıxışlarını gördük, 50 yaşdan yuxarı insanlar da var. Bizim yaşımız çox olsa da, qəlbimizdə həmişə gəncik”,- deyə “Kiçik payız” komandasının üzvü Laimut Radiniene öz təəssüratlarını bölüşərkən bildirdi.
Tədbirin ən gənc iştirakçısı isə Ağdam Olimpiya İdman Kompleksini təmsil edən Rada Məmmədova idi.
İlk beynəlxalq tədbir bir sıra ilklərlə də yadda qaldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri  “70-ci illərin cavanları”, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri isə “Lənkəran ulduzları” adlı komanda altında ilk dəfə beynəlxalq tədbirdə qüvvələrini sınadılar. “Boney M” qrupunun mahnısının sədaları altında çıxış proqramı təqdim edən “70-ci illərin cavanları” nümayiş etdirdikləri özünəinamlı çıxışları ilə formada olduqlarını sübut etdilər.
"Bizim komandamız "70-ci illərin cavanları" adlanır, hesab edirəm ki, biz əla çıxış etdik. Buradakı ab-hava gözəldir. Gimnastika mənim üçün sağlam həyat tərzinin təcəssümüdür", deyə onlar qeyd etdilər.
Təcrübəli gimnastlarımızın yer aldıqları, “Gənc və gözəl”, “Ay ışığı”, “Alov” komandalarının çıxışları şəhərimizin sakinləri tərəfindən gur alqışlarla qarşılandı.
Qala-şounun xüsusi qonağı “Eurovision 2011” in qalibi, tanınmış ifaçı Eldar Qasımov  tamaşaçılara parlaq emosiyalar bəxş etdi. Bir neçə mahnı ifa edən müğənni o cümlədən "Break Free" adlı mahnısını məhz ilk “Challenge”-də təqdim etdi.
"Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə müxtəlif yaş qruplarından olan iştirakçıların  olduğu belə tədbirlərin keçirilməsi çox gözəldir. Gimnastika sağlamlıq üçün vacib olması ilə yanaşı, həm də gözəlliyi tərənnüm edir. Bu gün beynəlxalq "Challenge"də çıxış etməkdən məmnunam. “Break Free” adlı yeni mahnımı məhz burada təqdim etdim.  Bu mahnı insanın ruhunun azadlığından, ruhunun sağlamlığına çağırışdan bəhs edir. Məhz burada yaş fərqindən asılı olmayaraq azad ruhlu insanlar bir araya gəliblər".