İdman

gimnastikadan

başlayır

40-cı dünya çempionatı Olimpiya lisenziyası ilə yadda qaldı

28 avqust 2023

40-cı dünya çempionatı Olimpiya lisenziyası ilə yadda qaldı

Avqustun 23-dən 27-dək dünyanın ən güclü bədii gimnastları İspaniyanın Valensiya şəhərində keçirilən 40-cı dünya çempionatında bir araya gəldilər. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ölkəmizi fərdi gimnastlar, Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan təmsil etdi.
Dünya çempionatı çoxnövçülük üzrə təsnifat mərhələsinin yekununa əsasən fərdi proqramda ilk 14, qrup hərəkətləri proqramında isə ilk 5 yer üçün Paris Olimpiadasına lisenziya qazandırdı.
Qeyd edək ki, bu siyahıya hər iki proqramda ötənilki dünya çempionatında ilk üçlükdə qərarlaşaraq Paris-2024-ə vəsiqəni təmin etmiş gimnastlar və qrup komandaları daxil deyildi.
Çempionatın ilk iki günü gimnastikanın ən zərif növünün nümayəndələri təsnifat mərhələsində fərdi proqramda halqa, top, gürzlər və lentlə xalça üzərində çıxışlarını nümayiş etdirdilər. Fərdi çoxnövçülük üzrə təsnifat mərhələsinin yekununa əsasən yığma komandamızın üzvü, Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova 12-ci pillədə (95.250 xal) qərarlaşaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı. İdmançımız bu nəticə ilə, həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin etdi. Finalda gimnastımız 122.450 xalla 18-ci pillədə qərarlaşdı. Qeyd edək ki, bu, Paris-2024-ə gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır. Xatırladaq ki, Zöhrə Ağamirova 32-ci Tokio Yay Olimpiya Oyunlarında da ölkəmizi təmsil etmişdi. Bununla o, Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırmışdı.
Fərdi proqramda çıxış edən digər gimnastlarımız İlona Zeynalova və Kamila Qafarova üçün bu dünya çempionatı təcrübə xarakteri daşıyırdı. Yarışda İlona Zeynalova top, halqa və gürzlər, Kamila Qafarova isə lentlə proqramını təqdim etdi.   
Avqustun 25-də qrup hərəkətləri üzrə yığma komandamız təsnifat mərhələsində çoxnövçülük (5 halqa, 3 lent və 2 top) proqramında mübarizəyə qoşuldu. Komandamızın üzvləri 63.900 xalla 9-cu pullədə qərarlaşdı. İdmançılarımız Olimpiya lisenziyasını əldə etməyə çox yaxın olsalar da, təəssüf ki, bu nəticə Olimpiya vəsiqəsini qazanmaq üçün kifayət etmədi. 3 lent və 2 topla hərəkətlərin icrasında 6-cı olan təmsilçilərimiz (32.200 xal) finala vəsiqəni özləri üçün təmin etdilər. Yarışın sonuncu günü keçirilən həlledici mərhələdə gimnastlarımız Yaponiya, Bolqarıstan və Meksika komandalarını qabaqlayaraq dünya çempionatını 5-ci pillədə (30.300) başa vurdular.
Qeyd edək ki, qarşıda idmançılarımızı daha bir lisenziya xarakterli yarış,  Macarıstanın paytaxtı Budapeşt şəhərində  keçiriləcək Avropa çempionatı gözləyir. İnanırıq ki, gimnastlarımız bu yarışda nəticələrini daha da yaxşılaşdıraraq, ölkəmizə gimnastika üzrə növbəti Olimpiya lisenziyasını qazandıracaqlar .