18 fevral 2008
Bədii gimnastika üzrə 15-ci Bakı birinciliyi iştirakçıların sayına görə rekord dərəcəyə çatmışdır. Dörd yaş qrupunda çıxış edən Bakının 87 gimnastı ilə birlikdə Gəncənin 6 yeniyetmə idmançı da yarışda iştirak etmişdir. Bunu hamı – mütəxəssislər, tamaşaçılar, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da qeyd etdi. “Bu yarışda iştirakçıların sayının artması ölkəmizdə bədii gimnastikaya artan marağın nəticəsidir.
Son illər Bakıda dünya və Avropa çempionatlarının keçirilməsi isə Azərbaycanda bu idman növünün daha da populyarlaşmasına səbəb olmuşdur”, - deyə, o bildirdi. İyun ayında İtaliyada keçiriləcək Avropa çempionatında ölkənin yeniyetmələrdən ibarət yığma komandasında iştirak etmək iddiasında olan 1993-94-cü il təvəllüdlü idmançıların arasında maraqlı bir mübarizə baş tutdu. Proqnozlara görə, çoxnövçülük üzrə 85.25 xal nəticə ilə Nigar Əbdüsəlimova (Bakı Gimnastika Məktəbi) birinci yerə layiq görüldü. Ondan iki xal geridə eyni klubun üzvü Səidə Abdullayeva və bir xal geridə, həmçinin, paytaxt məktəbinin təmsilçisi Ayelita Xələfova oldu. 1995-96-cı il təvəllüdlü gimnastların turnirində birinci yerə, 80.85 xal toplayan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Ayşə Mustafayeva yüksəldi. Mükafatçılar arasında, həmçinin, Lalə Yusifova (78.6 xal, Respublika Kompleks İdman Məktəbi) və Kamilə Məmmədova da (78.55 xal, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) var idi. 1997-98-ci il təvəllüdlü gimnastların arasında fəxri kürsü bütünlüklə Respublika Kompleks İdman Məktəbinin təmsilçilərinə verildi. Lider dördnövçülük üzrə 59.75 xal toplayan Yekaterina Prokopenko oldu. Mənsurə Bağıyeva ondan təqribən 4 xal az topladı, üçüncü yerə isə Gülsüm Şəfizadə layiq görüldü – 55.1 xal. Nəhayət, 1999-2000-ci il təvəllüdlü gimnastlardan ibarət ən kiçik yaş qrupunda qalib Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçisi, 34.25 xal toplayan Cənnət Məmmədova oldu. Onun komanda yoldaşı Mehbarə Mənsurova ikinci yerə (33.65 xal), üçüncü yerə isə Nərminə Hüseynova (30.7 xal, Bakı Gimnastika Məktəbi) layiq görüldü. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti, həmçinin, bildirir ki, 5-7 mart tarixlərində Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 15-ci açıq Azərbaycan çempionatı keçiriləcək. Turnirdə bizim aparıcı gimnastlarla yanaşı Rusiya və Gürcüstanın idmançıları da çıxış edəcək. Çıxışları qiymətləndirən hakimlər arasında isə xarici arbitrları da görmək mümkün olacaq.