26 may 2021
Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda keçiriləcək aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı çərçivəsində ağacəkmə aksiyası keçirib.
Aksiya çempionatın başlamasına bir gün qalmış, mayın 26-da Milli Gimnastika Arenasının pakında baş tutub.
Tədbirdə dünya çempionatının səfiri, rusiyalı məşqçi Vladislav Oskner, Beynəlxalq Gimnastika Federasiyasının (FIG), yerli təşkilat komitəsinin nümayəndələri və yarışın iştirakçıları olan gimnastlar iştirak ediblər.
AGF tərəfindən ağacəkmə aksiyalarının ənənəsi 2019-cu ildə, bədii gimnastika üzrə 37-ci dünya çempionatı zamanı qoyulub.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların, xüsusilə, gənc nəslin ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməkdən ibarətdir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə aerobika gimnastikası üzrə dünya çempionatı mayın 27-29-da keçiriləcək.