İdman

gimnastikadan

başlayır

Aerobika və bədii gimnastların birgə yarışları sona çatdı

05 dekabr 2016

Aerobika və bədii gimnastların birgə yarışları sona çatdı

Milli Gimnastika Arenasında təşkil olunan (MGA) bədii gimnastika üzrə 23-cü Bakı Çempionatı və Birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi sona çatdı.

İki gün davam edən yarışlarda bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyasında yer almış fərdi idmançılar, daha sonra isə balacalar yaş kateqoriyasında (2006-2008, alətsiz və topla) çıxış edən 8 qrup hərəkətləri komandası arasında qaliblər müəyyənləşdi.

Aerobika gimnastikasında isə kişi və qadın idmançılar fərdi, o cümlədən üçlük proqramında uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş) və böyüklər (18 yaş və daha böyük) yaş kateqoriyası üzrə medalları bölüşdürdülər.

Ümumilikdə 141 gimnastın təmsil etdiyi 9 klub arasında (Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-nin İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksi) çoxnövçülük üzrə nəticələrə əsasən, “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və “Gömrükçü” Klubunun yetirmələri fəxri kürsüyə yüksələ bildilər. Medala doğru gedən yolda gimnastlar əzmlə mübarizə apararaq, hakimlərin, eləcə də onları dəstəkləməyə gələn azarkeşlərin rəğbətini qazanmağı bacardılar.

Mükafatlandırma mərasiminin sonunda komanda hesabında fərqlənmiş klublara (“Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi,  “Gömrükçü”) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin hədiyyələri təqdim olundu.

Bu dəfə arenaya toplaşmış tamaşaçılar gərgin və maraqlı mübarizə ilə yanaşı, həm xarici, həm də yerli gimnastların göz oxşayan nümunəvi çıxışlarının da şahidi oldular. Belə ki, təlim-məşq toplanışı keçmək məqsədilə, paytaxtımıza ilk dəfə səfər etmiş Sinqapur yığmasının fərdi və qrup hərəkətləri komandası, həmçinin Polşanı təmsil edən gimnastlar öz rəngarəng kompozisiyaları ilə yerli izləyicilərə xoş anlar yaşatdılar.

Sonda aerobika gimnastlarının nümayiş etdirdiyi fləşmob, tamaşaçı alqışlarının müşaiyətilə yarış gününə yekun vurdu.  

Yarışlar CBC Sport kanalı və Azərbaycan Gimnastika Federasiyasının rəsmi internet səhifəsində (www.agf.az) canlı yayım vasitəsilə nümayiş olunmuşdur.

Yarışların nəticələri haqqında daha ətraflı məlumatı http://www.agf.az/competitions/ səhifəsindən əldə edə bilərsiniz.