İdman

gimnastikadan

başlayır

AGF gimnastika növləri üzrə hakimlik kurslarını elan edir

21 noyabr 2021

AGF gimnastika növləri üzrə hakimlik kurslarını elan edir

Azərbaycanda fəaliyyət göstərən bütün gimnastika klubları və bölmələrinin diqqətinə!

 

Azərbaycan Gimnastika Federasiyası (AGF) gimnastika növləri üzrə hakimlik kurslarını elan edir.

AGF-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) tərəfindən keçiriləcək kurslar 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı ərzində baş tutacaqdır.

Kurslar tamblinq üzrə 8-11 dekabr, qadın idman gimnastikası üzrə 13-18 dekabr, kişi idman gimnastikası üzrə 6-13 dekabr, batut gimnastikası üzrə 20-24 dekabr, akrobatika gimanstikası üzrə 14-28 dekabr 2021-ci il tarixlərində, eləcə də bədii gimnastika üzrə 10-15 yanvar və aerobika gimnastikası üzrə 24-30 yanvar 2022-ci ilin tarixlərində keçiriləcəkdir.

Kursların keçirilməsində əsas məqsəd ölkə ərazisində təşkil olunan milli yarışlar zamanı çıxışların peşəkar hakimlər tərəfindən qiymətləndirilməsi, eləcə də yerli peşəkarların sayının artırılmasından ibarətdir. 

Nəzəri və təcrübi hissələrdən ibarət olacaq hakimlik kurslarının sonunda iştirakçılar hakimlik üzrə imtahan verməlidirlər. Kursların imtahanlarından uğurla keçmiş iştirakçılara ADBTİA tərəfindən müvafiq sertifikat və AGF tərəfindən “hakim vəsiqəsi” təqdim ediləcəkdir.      

Qeyd edək ki, əldə edilmiş lisenziya və dərəcələr yeni Olimpiya dövründə (2022-2024) etibarlı olacaqdır. Lisenziyaya malik olmayan hakimlər bu yarışlarda hakim kimi fəaliyyət göstərmək hüququ olmayacaqdır. 

Bununla əlaqədar olaraq, AGF ölkə ərazisindəki idman cəmiyyətlərində yuxarıda qeyd olunmuş gimnastika növləri üzrə bölmələrdə fəaliyyət göstərən mütəxəssisləri həmin kurslara dəvət edir.

Kursların proqramı, sifariş forması və ödənişlə bağlı ətraflı məlumatı +99412 493 3011 əlaqə nömrəsi vasitəsilə federasiyadan əldə edə bilərsiniz.

Kursların keçiriləcəyi yer:  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

                                              Heydər Əliyev adına İdman-Konsert Kompleksi (yalnız  aerobika gimnastikası üzrə kurslar)

Sifarişlərin son qəbul tarixi: 27 noyabr 2021-ci il