İdman

gimnastikadan

başlayır

AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib 

24 dekabr 2022

AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib 

Dekabrın 23-də AGF-nin yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Rəsmi nümayəndələrin iştirak etdiyi mərasimdə yubileyə həsr olunmuş videoçarx nümayiş etdirilib. 
Tədbirdə çıxış edən federasiyanın vitse-prezidenti Altay Həsənov Azərbaycan Gimnastika Ferasiyasının şərəfli bir yol keçdiyini qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın AGF-yə rəhbərlik etdiyi vaxtdan gimnastika sahəsində böyük uğurlar əldə edilib: “Gimnastlarımız ötən müddət ərzində beş olimpiadada iştirak edib, dünya çempionatlarında və digər irimiqyaslı mötəbər yarışlarda mükafatlar qazanıblar. Federasiyamızın nümayəndələri Beynəlxalq Gimnastika Federasiyası və Avropa Gimnastikasında məsul vəzifələrə seçiliblər. Bu il AGF tərəfindən yubiley ilində bir sıra tədbirlər təşkil edilib. Bunlardan ən böyüyü Şəki şəhərində keçirilən Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar olub. Qeyd edim ki, ötən illərdən fərqli olaraq birgə yarışlar ilk dəfə paytaxt Bakıda deyil, məhz bölgədə təşkil edilib”.  
Altay müəllim gimnastlarımızın ənənələri davam etdirərək bundan sonra daha da böyük nailiyyətlər əldə edəcəklərinə inandığını bildirib. 
Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov AGF-nin yenidən qurulmasının 20 illiyi münasibətilə gimnastika ailəsini təbrik edib.  O qeyd edib ki, bu il Azərbaycan idmanı bir çox yubileyləri qeyd edib. 
Gimnastika federasiyasında uzun illər çalışdığını, böyük təcrübə qazandığını deyən nazir AGF-nin Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu illər ərzində mötəbər uğurlar əldə etdiyini diqqətə çatdırıb. 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yubiley tədbirində iştirak etməkdən xüsusi məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, Mehriban xanım Əliyevanın federasiyaya rəhbərlik etdiyi ötən  20 ildə gimnastikanın inkişafı istiqamətində böyük işlər görülüb. “Bu gün AGF dünyanın aparıcı gimnastika federasiyalarından biridir. Bu il Azərbaycan idmanı üçün yaddaqalan il olub. Ölkəmizdə nailiyyətlərlə yanaşı, eyni zamanda çoxlu böyük yarışlar yüksək səviyyədə keçirilib. Bu nailiyyətlərdə gimnastlarımızın da payı var. Həqiqətən də deyərdim ki, idman gimnastika ilə başlayır, atletika ilə davam edir”.
Sonra gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edərək ötən illər ərzində gimnastika növündə böyük nailiyyətlərin qazanıldığını deyib: “Gimnastikanın inkişafında böyük işlər həyata keçirən AGF-nin prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, 10 ildən sonra biz Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 30 illiyini qeyd edəcəyik”, - deyə Vasileva bildirib.
Daha sonra federasiyanın 20 illik uğurlu inkişaf yolundan bəhs edən “20 il inkişafda” adlı kitabın təqdimat mərasimi keçirilib.
Sonda çıxış edənlər AGF-nin yubileyi ilə bağlı öz təbriklərini çatdırıblar.