27 oktyabr 2019
Azərbaycan Gimnastika Federasiyası ölkəmizdə yeni gimnastika növü olan “TeamGym” üzrə kurslar təşkil edib.
24-26 oktyabr tarixlərində Bakıda yerli gimnast və məşqçilər üçün keçirilmiş kursların məqsədi “TeamGym” komanda gimnastika növünün Azərbaycanda inkişaf etdirilməsidir.
Kurslar İslandiyadan dəvət olunmuş mütəxəssislər İris Svavarsdottir, İris Mist Maqnusdottir və Helqa Svana Olafsdottir tərəfindən keçirilib.
Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi İnara İsrafilbəyova bildirib ki, kurslarda 40 nəfər iştirakçı – gimnastlar, məşqçilər və xoreoqraflar iştirak edib.
“TeamGym” Azərbaycanda yeni növdür və biz bu gimnastika növünü il yarımdır ki, inkişaf etdiririk. Azərbaycan komandası ilk dəfə olaraq ötən il Portuqaliyada keçirilmiş 12-ci Avropa çempionatında iştirak edib. Kurslarda bu növün qaydaları izah olunur və “TeamGym”lə bilavasitə məşğul olan idmançılar təlim keçir,” deyə, İsrafilbəyova bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın “TeamGym” komandası 2020-ci ildə Danimarkada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırır.
Azərbaycan Gimnastika Federasiyasının digər nümayəndəsi Akif Kərimlinin sözlərinə görə, kurslarda “TeamGym”lə bağlı bütün məsələlər müzakirə olunur.
“Kurs məşqçilik və hakimlik fəaliyyətlərinə həsr olunub. “TeamGym” gimnastikanın bütün növlərindən elementlərin birləşdiyi mürəkkəb və baxımlı idman növüdür. Təkcə sərbəst hərəkətlərdə bədii gimnastika, aerobika və idman gimnastikasından elementlər mövcuddur ki, bu da “TeamGym”i idmançılar üçün mürəkkəb və tamaşaçılar üçün daha maraqlı edir,” deyə, o bildirib.