İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası və tamblinq üzrə məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsi keçirilib

05 mart 2023

Akrobatika gimnastikası və tamblinq üzrə məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsi keçirilib

Martın 2-dən 4-dək Milli Gimnastika Arenasında akrobatika gimnastikası və tamblinq üzrə 1-ci səviyyəyə aid məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsi keçirilib. Kurslarda ölkəmizdə fəaliyyət göstərən 9 idman klubu və cəmiyyətini təmsil edən 20 məşqçi iştirak edib. 
Tamblinq üzrə kurslar baza elementlərinin öyrədilməsi, yeni başlayanalar üçün isinmə hərəkətlərinin və ümumi fiziki hazırlığın əhəmiyyəti, tamblinq üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydaları mövzularını əhatə edib. 
Akrobatika üzrə kurslarda isə mövzular isinmə hərəkətləri, xoreoqrafiya, ümumi fiziki hazırlıq,  akrobatika gimnastikasında elementlərin öyrənilməsindən ibarət olub. Hər iki kurslarda nəzəriyyə ilə yanaşı, təcrübi məşğələlər də keçirilib. Kursların sonunda iştirakçılar nəzəri və təcrübi imtahanlar veriblər. 
Qeyd edək ki, kurs iştirakçıları bundan əvvəl Azərbaycan Gimnastika Federasiyasının (AGF) tədris saytı vasitəsilə kursların onlayn hissəsini başa vurublar.  
Məlumat üçün bildirək ki, AGF-nin tədris saytı ötən il federasiyasının İcra Komitəsinin 09.09.2020-ci il tarixli qərarına əsasən təsdiq edilmiş “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarına uyğun olaraq istifadəyə verilib. 
Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər. 
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.