23 mart 2009
Azərbaycan gimnastı Aliyə Qarayeva Lyublyanada keçirilən “Xalq evi” beynəlxalq turnirinin qalibi olmuşdur.
Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata görə, 2007-ci il Avropa çempionu çoxnövçülükdə 100.125 xal toplamışdır. Ən yaxşı nəticəsini o, topla hərəkətlərdə göstərmişdir. Bu növdə o, hakimlərdən 25.875 xal toplamışdır. İp (25.65) və halqa (25.25) ilə onun nəticələri yüksək olmuşdur.
- Düzdür, mən hələ də lentlə dil tapa bilmirəm, - təəssüflə Aliyə qeyd edir. – Gah o, mənim əlimdən çıxır, gah da düyünlənir. Bu, yeni proqramdır, yeni elementlərdir. Hələ ki, cilovlamaq mümkün deyil. Ona görə də nəticə 23.35 xaldır. Amma söz verirəm, Avropa çempionatına qədər mən bu hiyləgər alətlə dil tapacam.
Qeyd edək ki, nə az, nə çox, düz 15 nəfər gimnast, Sloveniya paytaxtında yalnız çoxnövçülük üzrə mübarizə aparırdılar. Bizim Qarayevadan sonra ikinci yeri rusiyalı Aleksandra Yermakova, üçüncü yeri Belarus idmançısı Svetlana Rudalova tutmuşdur.
Bu turnir artıq ənənə halını almış və bu, sayca 22-ci yarış olmuşdur. Vaxtilə burada məşhur gimnastlar, müxtəlif illərin olimpiya çempionları iştirak etmişlər: 1996-cı il olimpiya çempionu Yekaterina Serebryanskaya (Ukrayna), 2000 – Yuliya Barsukova (Rusiya), 2004 – Alina Kabayeva (Rusiya) və 2008 olimpiya çempionu Yevgeniya Kanayeva (Rusiya).
Avro-2009 öncəsi Azərbaycan gimnastları üçün növbəti start Tye şəhərində Qran-prinin üçüncü mərhələsi olacaq. Martın 28-29-u Fransanın bu şəhərində Qarayeva ilə birgə Anna Qurbanova çıxış edəcək.