05 aprel 2014
Bədii gimnastika üzrə 30-cu Avropa çempionatının Təşkilat Komitəsində işçi qrup bir sıra bölmələrə ayrılıb. Buraya yerləşdirmə, marketinq, könüllülər, tibbi xidmət, mühafizə xidməti, yarışların gedişatına cavabdeh bölmə və mətbuatla iş bölmələri daxildir. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (www.baku2014.agf.az) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxının təqdimat mərasimində çıxışı zamanı deyib.
Avropa çempionatının Təşkilat Komitəsi adından hamını salamlayan A.Həsənov xatırladıb ki, Təşkiat Komitəsinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.
A.Həsənov çıxışında bildirib ki, iyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək: "Həmin arenda hər cür şərait yaradılıb. Bu arena yeni, gözəl qurğudur. Fürsətdən istifadə edərək belə bir gözəl binanın tikilməsinə görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".
AGF-nin vitse-prezidenti qeyd edib ki, yarışların nümayəndə heyətləri Milli Gimnastika Arenasının yaxınlığındakı idmançılar kəndində yerləşdiriləcəklər: "Yarışlar zamanı arena iki yerə bölünəcək. Birinci hissədə bir xalça, o birisində isə məşqlər üçün 11 xalça quraşdırılacaq. Avropa çempionatında qrup komandalar I Avropa Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar".
A.Həsənov çıxışında bütün tərəfdaşlara minnətdarlığını bildirib və azarkeşləri yarışlarda idmançılarımıza dəstək olmağa çağırıb: "Azarkeşlərə demək istəyirəm ki, Avropanın ən güclü gimnastları Avropanın gözəl məkanında - Milli Gimnastika Arenasında öz məharətlərini göstərəcəklər. Yarış cümə, şənbə və bazar günləri keçiriləcək. Bizim gimnastlarımızın azarkeş dəstəyinə böyük ehtiyacı var. Bütün azarkeşlərimizi bu yarışda idmançılarımıza dəstək olmağa çağırıram".
Qeyd edək ki, Bakıda iyunun 13-15-də bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.