İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTI ŞAKİR ŞIXƏLİYEV LONDONDA DÜNYA ÇEMPİONATINDA İŞTİRAK ETMİŞDİR

13 oktyabr 2009

AZƏRBAYCAN GİMNASTI ŞAKİR ŞIXƏLİYEV LONDONDA DÜNYA ÇEMPİONATINDA İŞTİRAK ETMİŞDİR

Böyük Britaniyanın paytaxtında idman gimnastikası üzrə dünya çempionatı start götürmüşdür. Burada Azərbaycanı Şakir Şıxəliyev təmsil edir.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, idmançımız artıq çoxnövçülük üzrə təsnifat yarışlarında çıxış etmişdir. O, yekunda 79,05 xal toplamış və 74 idmançı arasında 47-ci yeri tutmuşdur. Ümumilikdə, burada 243 gimnast çıxış etmişdir.

Şakir ən yaxşı nəticəsini təkanla tullanmada göstərərək 15,475 xal yığmışdır. Dünya çempionatlarında debüt edən Şakir böyük inkişafa nail olmuşdur. Qeyd etmək kifayətdir ki, keçən dünya çempionatında Azərbaycan nümayəndəsi Səbuhi Aslanov 143-cü olmuşdur. Bundan əlavə, Şakir Milanda keçirilən Avropa çempionatında göstərdiyi nəticəsini düz 2 (!) xal yaxşılaşdırmışdır.

Qeyd edək ki, birincilik yarışları 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunları üçün tikilmiş və 2007-ci ilin yayında istifadəyə verilmiş “The O2” arenasında keçirilir. Oyunlar zamanı “The O2” arenasında gimnastika və basketbol üzrə yarışlar keçiriləcək. Beləliklə, Şakir Şıxəliyev həmin obyekti sınaqdan keçirən ilk azərbaycanlı idmançı olmuşdur. Yeri gəlmişkən, bu dünya çempionatı üçün biletlərin qiyməti kifayət qədər bahadır. Məsələn, finala baxmaq üçün 60 funt sterlinq ödəmək lazımdır. Müqayisə üçün qeyd edək ki, Madam Tüssonun məşhur mum fiqurlar muzeyi və Temza boyunca gəzinti üçün biletlər 23-35 funta satılır.

Azərbaycanlı gimnast Şakir Şıxəliyevin məşqçisi Anatoli Yarmovski idmançımızın London dünya çempionatında çıxışını kifayət qədər yüksək qiymətləndirmişdir. “Şakir yaxşı çıxış etdi, - Azərbaycan Gimnastika Federasiyası mətbuat xidməti Yarmovskinin sözlərini gətirir. – Əlbəttə, o, daha yaxşı nəticə göstərə bilərdi, amma təcrübə çatışmazlığı özünü göstərdi. Məsələn, Şakir sərbəst hərəkətlərdə və halqalarla çıxışda səhvlərə yol verdi. Amma idmançımız böyük potensiala malikdir. İşi davam etdirmək lazımdır ki, Ştutqartda keçiriləcək Dünya kubokunda özümüzü daha yaxşı göstərək”. Barselona-1992 Olimpiya çempionu Valeri Belenki azərbaycanlı gimnastın London dünya çempionatında çıxışından razıdır.

Qeyd edək ki, Şakir Ştutqartda (Almaniya) Valeri Belenkinin zalında məşq edir, və olimpiya çempionu idmançımızın çıxışı barədə təəssüratlarını məmununiyyətlə Azərbaycan Gimnastika Federasiyası mətbuat xidməti ilə paylaşmışdır.

“Şakirin öz xallarını yaxşılaşdırması onu göstərir ki, oğlan artıq böyüyür, - Valeri Belenki qeyd etmişdir. – Qabaqda Şakiri yeni yarışlar gözləyir. Orada o, indiki göstəriciləri möhkəmlətməli və qabağa getməlidir. Gələn ilki yarışlar üçün biz yeni elementlər hazırlayacağıq ki, onların yerinə yetirilməsi, fikrimcə, idmançımıza daha yüksək yerləri tutmağa imkan verəcək”.

“Gimnast Şakir Şıxəliyevin nail olduğu inkişaf sevindirməyə bilməz” – deyə, o vurğulamışdır.