06 iyun 2018
Ötən həftə Quadalaxarada (İspaniya) baş tutmuş bədii gimnastika üzrə Avropa Çempionatında gimnastlarımız 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci Avropa Oyunlarına maksimum sayda lisenziya əldə ediblər.
Lisenziyanın sahiblərindən biri fərdi proqramda ölkəmizi təmsil edən Zöhrə Ağamirova olub. Gimnastımız çoxnövçülükdə 63.200 xal toplamaqla adını şanslı idmançıların siyahısına yazdırıb.
Qrup hərəkətləri proqramında isə gimnastlarımız Siyana Vasileva, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramova icra etdikləri iki kompozisiyanın ümumi nəticəsinə əsasən 35.700 xal əldə edərək, ölkəmizə ikinci lisenziyanı qazandırıblar.
Aerobika gimnastikası üzrə millimizin üzvləri isə yola saldığımız günlərdə Dünya Çempionatında (Gimarayş, Portuqaliya) çıxış etsələr də, təəssüflər olsun ki, bu növdə lisenziya qazanmaq mümkün olmayıb.
Xatırladaq ki, aprel ayında Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa Çempionatında 2 kişi və 2 qadın batutçularımız lisenziya qazanaraq, bu oyunlarda iştiraklarını təmin etmişdilər.
Hesabında lisenziya olan digər gimnastika növü isə akrobatikadır. Belçikanın Antverp şəhərində baş tutan Dünya Çempionatında qarışıq cütlüyümüzün uğurlu çıxışları onlara da Avropa Oyunlarına yol açmışdır.
İdman gimnastikasına gəldikdə isə milli komandamızın üzvləri həm bu il, həm də 2019-cu ildə keçiriləcək Avropa Çempionatlarında lisenziyalar uğrunda mübarizəyə qoşulacaqlar.