İdman

gimnastikadan

başlayır

AVSTRİYA, BELÇİKA VƏ BELARUS MEDALLARI

19 noyabr 2007

AVSTRİYA, BELÇİKA VƏ BELARUS MEDALLARI

Azərbaycan gimnastı Aliyə Qarayeva İnsbrukda keçirilən Qran-pri final yarışlarında 2 bürünc mükafata layiq görülmüşdür. Çoxnövçülükdə (71.917 xal) uğurla çıxış edən Aliyə gürzlərlə hərəkətlərin finalında da bürünc mükafata layiq görülmüşdür. Hakimlərdən 18.05 xal alan həmvətənimiz rusiyalı Olqa Kapranova və Vera Sesinaya uduzmuşdur. Aliyə iplə hərəkətlərdə 4-cü, lentlə 7-ci, halqa ilə hərəkətlərdə 8-ci yeri tutmuşdur.
Yarışların bütün finallarında iştirak edən digər gimnastımız Anna Qurbanova da ən yaxşı nəticəsini gürzlərlə hərəkətlərdə göstərərək 5-ci yeri tutmuş (17.1), çoxnövçülükdə, iplə və lentlə hərəkətlərdə 6-cı, halqa ilə hərəkətlərdə isə 7-ci nəticə göstərmişdir.
İnsbrukda Qran-pri yarışlarına paralel keçirilən yeniyetmələrin turnirində çıxış edən Nigar Mirzəyeva halqa ilə hərəkətlərə görə 5-ci yerə (22.175), çoxnövçülük və lentlə hərəkətlərə görə isə 6-cı yerə layiq görülmüş, topla hərəkətlərdə 7-ci yeri tutmuşdur.
Üçrəngli bayrağımız Belçikanın Gent şəhərində keçirilən beynəlxalq yarışda da dalğalanmışdır. Finallarda Zeynəb Cavadlının gürzlər və lentlə çıxışları bürünc mükafata layiq görülmüşdür. O, mütləq birincilikdə üç bolqar və rusiyalı idmançıdan sonra 5-ci yeri tutmuşdur.
Daha bir yeniyetmə gimnastımızın, Yekaterina Prokopenkonun debütü çıxışları uğurlu olmuşdur. O, şəxsi hesabda Rusiya və Belarus idmançılarından sonra 3-cü yeri tutmuş, bütün finallarda çıxış edərək, öz təmrinlərini səliqə ilə yerinə yetirmişdir. Nigar Əbdüsəlimova isə çoxnövçülükdə 73 iştirakçı arasında 20-ci yeri tutmuşdur.
Brestdə akrobatlarımızın şərəfinə Azərbaycan Himni səslənmişdir. Ayla Əhmədova-Dilarə Sultanova qadın cütlüyü Rusiya və Belarus akrobatları ilə gərgin mübarizədə qızıl medal qazanmış, Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Məmmədov və Fərid Məmmədovdan ibarət kişi qrup 0,1 xal fərqi ilə Rusiya akrobatlarına uduzaraq, gümüş medal qazanmış, eyni zamanda, “Ən yaxşı kompozisiyaya görə” xüsusi mükafatına layiq görülmüşdür.
Elçin Məmmədov-Emil Yarəhmədov kişi cütlüyü 4-cü yeri tutmuş, tullananlar Səid Səlimov və Hafiz Rzayev isə finalda çıxışla kifayətlənməli olmuşlar.
Bakı gimnastları isə özlərinin indiki çempionlarını müəyyənləşdirmişlər. İdman ustaları arasında ən yaxşı nəticəni MOİK-in nümayəndəsi Elvin Ağadədəyev, ustalığa namizədlər arasında Rəşad Cəfərli (Bakı Gimnastika Məktəbi) göstərmiş, birinci dərəcəli idmançılar arasında isə birinci yeri Şamil İsmayılov və Yevgeni Samarkin (hər ikisi Respublika Olimpiya İdman Liseyindən) bölüşmüşlər.