19 may 2023
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir.
Yarışın üçüncü günündə böyüklər arasında çoxnövçülük üzrə təsnifat mərhələsi başa çatıb. İştirakçılar 24 idmançının mübarizə aparacağı çoxnövçülük proqramı və ayrı-ayrı alətlər üzrə finallar uğrunda qüvvələrini sınayıblar.
Bu gün gimnastlar gürz və lentlə kompozisiyalar icra ediblər.
Komandamızın üzvü Zöhrə Ağamirova gürzlərlə hərəkətlərin icrasında 31.500 xal toplayaraq üçüncü pillədə qərarlaşmaqla, həm də finala yüksəlib.
İdmançımız həmçinin dörd hərəkətin yekununda 95,750 xalla beşinci pillədə qərarlaşaraq çoxnövçülük üzrə həlledici mərhələyə vəsiqə əldə edib. Xatırladaq ki, idmançımız dünən halqa və topla da finala yüksəlmişdi.
Gimnastımız sabah çoxnövçülük üzrə finallarda, mayın 21-də isə keçiriləcək ayrı-ayrı alətlər üzrə final mərhələsində mübarizəyə qoşulacaq.
Sabah həmçinin böyüklərdən ibarət qrup komandalarının təsnifat mərhələsində çıxışlarına start veriləcək.
Qeyd edək ki, “Ulduz kimi parla” şüarı altında keçirilən qitə birinciliyində ümumilikdə 38 ölkədən 315 gimnast iştirak edir.
Xatırladaq ki, yarışın ilk günü gənclərdən ibarət qrup komandamızın iki bürünc medalı ilə yadda qalmışdı.