İdman

gimnastikadan

başlayır

Avropa kubokunun 3-cü günündə 3 medal!

05 may 2024

Avropa kubokunun 3-cü günündə 3 medal!

Beləliklə, izləyərkən müxtəlif emosiyalara daldığımız, tarixdə ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa kubokuna bu gün yekun vuruldu. Bu beynəlxalq tədbir bütün idmançılar üçün yaxşı təcrübə olması ilə bərabər, bizim təmsilçilərimiz üçün də uğurla başa çatdı. Yarışın 3-cü günündə böyüklərdən ibarət qrup hərəkətləri komandamız 3 lent və 2 topla çıxışlarında 29,950 xal toplayaraq fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovanın təmsil etdiyi milli komandamız 5 halqa ilə də bacarıqlarını sınayıblar. Çıxışları 36,950 xal ilə qiymətləndirilən komandamız 4-cü yerə layiq görülüb.
Günün davamında qazanılan daha iki medaldan sonra bayrağımızın qürurla dalğalandırılması bizi fərəhləndirdi. Gənclərdən ibarət millimizin üzvü Bahadırova İlahə top, Ağahüseynova Şəms isə lent proqramında nümayiş etdirdikləri çıxışlarına görə gümüş medalla təltif olunublar. Onların çıxışları müvafiq olaraq 31,550 və 30,250 xalla qiymətləndirilib.
Həmçinin bu gün böyük fərdi gimnastımız Ağamirova Zöhrə lentlə hərəkətlərdə çıxışından sonra 4-cü pillədə qərarlaşıb. O digər alətlərdə də özünü sınayıb. Belə ki, topla çıxışda (33,350) 6-cı, halqa proqramında isə (31,650) 8-ci sırada yer alıb.
Ölkəmizə qələbə sevincini yaşadan bütün gimnastlarımızı təbrik edirik.