18 aprel 2018
2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci Avropa Oyunlarına Azərbaycan gimnastları ilk lisenziyalarını əldə etdi.
Bu günlərdə Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa Çempionatında 2 kişi və 2 qadın batutçularımız lisenziyalarını təmin ediblər. Bununla da, Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda millimiz maksimum sayla – 4 nəfərlə təmsil olunacaq.
Növbəti lisenziya xəbəri isə akrobatlarımızdan gəlib. Belə ki, ötən həftə Antverpdə (Belçika) baş tutan Dünya Çempionatında qarışıq cütlüyümüzün uğurlu çıxışları onlara da Avropa Oyunlarına yol açıb. Böyüklər kateqoriyasında qadın qrupumuz olmadığından oyunlarda bu növ üzrə yalnız qarışıq cütlüyümüz mübarizə apara biləcək.
Gimnastikanın digər növlərinə gəldikdə isə, idmançılarımız bu il baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatı, aerobika gimnastikası üzrə Dünya Çempionatı, idman gimnastikası üzrə isə həm bu il, həm də 2019-cu ildə keçiriləcək Avropa Çempionatlarında lisenziyalar uğrunda yarışacaqlar.
Qeyd edək ki, 2015-ci ildə Bakıda baş tutmuş ilk Avropa Oyunlarında olduğu kimi, növbəti oyunlarda da gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.