İdman

gimnastikadan

başlayır

Avropanın “qızıl”ları 

20 oktyabr 2023

Avropanın “qızıl”ları 

Oktyabrın 18-də Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatına start verilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri, böyüklər arasında Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü, gənclər arasında isə Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu təmsil edir. Yarışın ilk günündə yığmamızın üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu hollandiyalı rəqiblərini geridə qoyaraq, 27.440 xalla temp hərəkətləri proqramında gümüş medal qazanıb. Bu gün gimnastlarımız qazandıqları daha iki medalla bizi sevindiriblər.  Belə ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük 28.910 xalla temp hərəkətlərində eləcə də, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü 28.230 xalla balans hərəkətləri proqramında Avropanın ən güclüsü olduqlarını sübuta yetirərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Qarışıq cütlüyümüz qızıl medala gedən yolda müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşan Ukrayna və Almaniya təmsilçilərini geridə qoyublar. Kişi cütlüyümüz isə ikinci yerin sahibi İspaniya və bürünc medalçılar olan Böyük Britaniya təmsilçilərini üstələyiblər.  
Qeyd edək ki, gimnastlarımız qitə çempionatında çıxışlarını davam etdirirlər. Sabah gənclər və böyüklərdən ibarət qadın qrupları və qarışıq cütlüklər balans hərəkətlərində, kişi cütlükləri temp hərəkətlərində, oktyabrın 21-də isə qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.