İdman

gimnastikadan

başlayır

Azərbaycanın idman gimnastları finala yüksəldilər

13 may 2017

Azərbaycanın idman gimnastları finala yüksəldilər

Azərbaycan gimnastları Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında finala yüksəliblər.

Trend-in məlumatına görə, sərbəst hərəkətlərdə 14.500 bal toplayan Murad Ağarzayev birinci yerlə finala vəsiqə qazanıb.

Finala, həmçinin türk idmançılar Fərhad Arican və Əhməd Öndər, Əhməd Mauc və Məhəmməd Burqieq (hər ikisi Əlcəzair), qətərli Əhməd əl-Dayani, indoneziyalı Aqunq Akbar və İran gimnastı Səidrza Keyha yüksəliblər.

Halqalarla hərəkətlərdə təmsilçilərimiz Bense Talas və Murad Ağarzayev müvafiq olaraq ikinci və dördüncü yerləri tutaraq finala çıxıblar.

Tənsifat mərhələsindən finala, həmçinin Türkiyə təmsilçiləri İbrahim Çolak və Fərhad Arican, iranlı Hadi Hanarinejad və Səidrza Keyha, Qətər idmançısı Əhməd əl-Dayani və indoneziyalı Aşari Arif vəsiqə qazanıblar.

Paralel qollarda hərəkətlərdə isə gimnastlarımız Timur Bayramov və Bense Talas müvafiq olaraq üçüncü və beşinci nəticə ilə finala yüksəliblər.

Fərhad Arican və İbrahim Çolak (Türkiyə), Məhəmməd Burqieq və Hilal Metici (Əlcəzair) və Saman Mədəni və Hadi Hanarinejad (İran) da final mərhələsindədirlər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.