16 iyul 2015
Bakıda 1-ci Avropa Oyunları çərçivəsində gimnastika bayramının bitməsindən 1 ay keçməmiş, Azərbaycan gimnastları bu dəfə Finlandiyanın Helsinki şəhərində 12 iyul tarixində start götürmüş Dünya Gimnastradasına qatılıblar. Hər 4 ildən bir keçirilən Gimnastrada diqqətləri daha çox bütün gimnastika növlərindən müxtəlif yaş kateqoriyalarına, dinə, mədəniyyət və sosial təbəqəyə aid idmançıların nümunəvi çıxışları ilə cəlb edir. Bu tədbir yarış ab-havası olmadan, izləyiciləri öz rəngarəngliyi, möhtəşəmliyi və müxtəlifliyi ilə təəccübləndirən bir növ dünya gimnastika bayramıdır.
Gimnastradada bütün 5 qitə nümayəndələrinin iştirak etməsinə baxmayaraq, bu idman tədbiri, daha çox Avropa ölkələri arasında məşhurdur. Avstriya, Belçika, Danimarka, Finlandiya, Böyük Britaniya, Almaniya, Niderland və İsveç bu tədbirin 1953-cü ildə ilk dəfə Rotterdamda (Niderland) təşkil olunmasından etibarən daimi iştirakçıları sırasındadırlar. Belarus, Dominikan Respublikası, Mozambik, Peru, Puerto-Riko, Zimbabve də bizim kimi bu möhtəşəm gimnastika şousunun sevincini ilk dəfə bölüşənlərdəndirlər. Tədbirin proqramı açılış mərasimi, qrup şəkilində çıxışlar, “National Afternoons” və “National Evenings” adlı şoular, şəhər mərkəzində nümunəvi çıxışlar, Beynəlxalq Gimnastika Federasiyasının Qala-konserti və bağlanış mərasimindən ibarətdir.
15-ci Dünya Gimnastradasını fərqləndirən cəhət “Midnight Sun Special” adlı şoudur. Finlandiyanın uzun yay gecələrini bayrama çevirmək üçün təşkilatçıların təşəbbüsü ilə təşkil olunan şou özündə həm də komanda çıxışlarını ehtiva edir.
53 ölkəni təmsil edən 21000 idmançının sırasında Azərbaycan gimnastları – Elçin Məmmədov, Aleksandra Qorobçuk, Aliyə Paşayeva, Səbinə Qaratova, Zeynəb Hümmətova, Uğur Xəlilbəyli, Emilya Baqiyeva, Natalya Quliyeva, Yulia Solovyova, Nərminə Hüseynova, Mənsurə Baqiyeva, Seymur Cəfərov və Murad Əkbərov da vardır. Onların çıxışları təmsil etdikləri gimnastika növləri - idman gimnastikası, bədii gimnastika, həmçinin aerobika və akrobatika gimnastikasının elementlərini birləşdirir. Yığma komandamızın iki kompoziyasından biri Azərbaycanın xalq musiqisi “Sarı Gəlin”in sədaları altında icra olunur.
Gimnastika bayramının nümunəvi çıxışları ümumilikdə 200 saat davam edərək, 18 iyulda yekunlaşacaq.