24 noyabr 2014
Bu gün Yaponiyanın Fukuoka şəhərində yekunlaşan bədii gimnastika üzrə “Sanix Cup” adlı beynəlxalq yarışda Azərbaycanın qrup hərəkətləri komandası qızıl medal qazandı.
Qrup hərəkətləri ilə Yaponiyadan 27 komanda, həmçinin Azərbaycan, Rusiya, Bolqarıstan, Tayland və digər ölkələrdən olan komandalar çıxış edirdilər.
Yaponiyada Züleyxa İsmayılova, İlahə Məmmədova, Fatimə Cəfərova, Ruqiyə Səttarova, Simarə Cəfərova və Dərya Sorokinadan ibarət komandamız ilk dəfə olaraq öz proqramları ilə çıxış edirdilər və onların bu proqramla gələn il Minskdə keçiriləcək Avropa Çempionatında da çıxışları planlaşdırırlır. Gimnastlarımızın pop musiqisinin kralı Maykl Ceksonun unudulmaz mahnısı ilə hərarətli çıxışları tamaşaçıların yaddaşlarında uzun müddət iz buraxdı.
Bu həftəsonu Bolqarıstanın Blaqoevqrad şəhərində yekunlaşan idman gimnastikası üzrə “Lyubço Solatskiy” adlı beynəlxalq turnirdə, ölkəmizi Mənsum Səfərov, Murad Hənifəzadə və Səməd Məmmədlidən ibarət pre-yunior komandamız təmsil edirdi.
Yarış nəticələrinə əsasən komanda hesabında Azərbaycan gimnastları turnirin qızıl medalını qazandılar. Bundan əlavə, Səməd Məmmədli çoxnövçülükdə, dəstəli at üzərində, sərbəst hərəkətlərdə və dayaqla tullanmada qızıl medal, o cümlədən turnikdə və paralel qollarda bürünc medal qazandı. Həmçinin, gimnastlar arasında halqalarda hərəkətlərinə görə gümüş medal qazanan Murad Hənifəzadə fərqlənib.