İdman

gimnastikadan

başlayır

Azərbaycan komandası “European Gym for Life Challenge” festivalında qızıl medal qazandı

15 iyul 2018

Azərbaycan komandası “European Gym for Life Challenge” festivalında qızıl medal qazandı

14 iyul tarixində Belçikanın Liej şəhəri Avropa Gimnastika İttifaqının (UEG) təşkilatçılığı ilə 1-ci “European Gym for Life Challenge” yarışına ev sahibliyi edib. İlk dəfə baş tutan festivalda həmyerlimiz, UEG-in prezidenti Fərid Qayıbov açılış sözü ilə çıxış edərək, bütün iştirakçılara uğurlar arzulayıb.

12 ölkədən 800 gimnastın iştirak etdiyi gimnastika tədbirində Azərbaycan komandası da yer alıb. Qrup çıxışlarını daha da mükəməlləşdirmək məqsədilə təşkil olunan bu festivalda 2006-cı il təvəllüdlü və daha böyük şəxslərdən ibarət komandalar çıxış edib. Bir-birindən maraqlı və rəngarəng kompozisiyalar əsasən müxtəliflik, texnika, təhlükəsizlik, orijinallıq, ümumi təəssürat və əyləncə meyarlarına görə dəyərləndirilib.

Bu növ yarışlarda bütün iştirakçılar qalib hesab olunaraq, onlara qızıl, gümüş və bürünc medallar təqdim edilir. Ölkəmizi təmsil edən Ruslan Eyvazov, Akif Kərimli, Nərminə Hüseynova, Elçin Məmmədov, Fərid Mustafayev, Murad Əkpərov, Narın Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova və Seymur Cəfərovdan ibarət qrupumuzun parlaq çıxışları da 37 komanda arasında ən yaxşılardan biri seçilərək qızıl medala layiq görülüb. Gimnastlarımızın nəinki çıxışları, hətta qeyri-adi geyimləri də diqqətdən kənar qalmayaraq, “Best Costume” nominasiyasında diplomla mükafatlandırılıb. “Wow Performance” nominasiyasında isə Portuqaliya komandası fərqlənib.

Xatırladaq ki, ötən il Norveçin Vestfold şəhərində Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi “World Gym for Life Challenge” festivalında da Azərbaycan təmsilçiləri qızıl medal əldə etmişdilər.