İdman

gimnastikadan

başlayır

Azərbaycan mütəxəssisləri beynəlxalq seminarlara dəvət alıblar

20 may 2024

Azərbaycan mütəxəssisləri beynəlxalq seminarlara dəvət alıblar

Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına yekun vurulduqdan sonra gimnastika dünyasında yeni olimpiya dövrü başlayacaq. Ənənəvi olaraq yeni dövrdə yeni qaydalar tərtib olunur. Belə ki, yeni qaydalara yiyələnmək məqsədilə hakimlər və məşqçilər üçün bir sıra beynəlxalq seminarlar təşkil olunacaq. Artıq hazırlıqlar başlanıb və Bədii Gimnastika üzrə Avropa Gimnastikasının Texniki Komitəsi tərəfindən keçiriləcək tədbirlərdə Azərbaycan təmsilçiləri də yer alacaq. Belə ki, 2024-cü ilin 12 və 13 oktyabr tarixlərində Kipr Respublikasının Larnaka şəhərində hakimlər üçün baş tutacaq seminarda  Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin üzvü Natalya Bulanova da iştirak edəcək. O, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabana ilə birlikdə ekspert qismində çıxış edəcək. Bu il 14-16 oktyabr tarixlərində Larnaka şəhərində həm də məşqçilər üçün beynəlxalq seminar baş tutacaq. Bu tədbirdə Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə atletlərin nümayəndəsi Siyana Vasileva iştirak edəcək.
Bütün gimnast, məşqçi və mütəxəssislərə “Paris-2024” Yay Olimpiya Oyunları və ondan sonrakı yeni olimpiya dövründə uğurlar arzulayırıq!