17 noyabr 2018
Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda yarışan qarışıq cütlük - Azərbaycan gimnastları Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı çıxışlarından razıdırlar.
Əl-Məşayxi Trend-ə bildirib ki, çıxışdan sonra əhvalı əladır: "İdeal olmasa da, yaxşı çıxış etdik. Yarış böyük təcrübə deməkdir, səhv edə-edə öyrənirik. Bizi dəstəklədikləri üçün azarkeşlərə minnətdarıq".
R.Qurbanlı isə yaxşı çıxış etdiklərini, cüzi səhvlərə yol verdiklərini deyib:
"Hələ məşqçi ilə danışmamışıq, çıxışımızı sonra müzakirə edəcəyik. Ümumiyyətlə, doğma ölkədə çıxış etməyimiz əminlik verir"
Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.