İdman
gimnastikadan
başlayır
11 iyul 2026
9–11 iyul tarixlərində Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP beynəlxalq turniri keçirilib. Yarışda müxtəlif ölkələrdən olan idmançılar bacarıqlarını nümayiş etdiriblər.
Turnirdə Azərbaycanı batut gimnastikası və tamblinq növləri üzrə müxtəlif yaş kateqoriyalarında ümumilikdə 13 gimnast təmsil edib.
Batut gimnastikası üzrə 13–14 yaş kateqoriyasında Muhamməd Həsənli, 15–16 yaş kateqoriyasında Fərhad Mustafayev və Ammar Baxşalıyev, böyüklər arasında isə Maqsud Mahsudov, Selcan Mahsudova və Hüseyn Abbasov çıxış ediblər.
Tamblinq üzrə isə 13–14 yaş kateqoriyasında Sənan Rzazadə və Xədicə Məmmədova, 15–16 yaş kateqoriyasında İlham Məsimov və Riad Cavadov, böyüklər arasında isə Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev mübarizə aparıblar.
Azərbaycan gimnastları yarışda uğurlu çıxış edərək turniri ümumilikdə 12 medalla başa vurublar.
Batut gimnastikası üzrə nəticələr:
● Böyüklər arasında Maqsud Mahsudov 60.240 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Selcan Mahsudova 57.190 xalla qızıl medalın sahibi olub. Hüseyn Abbasov isə 57.730 xalla bürünc medal əldə edib.
● 13–14 yaş kateqoriyasında Muhamməd Həsənli 49.350 xalla ikinci yeri tutaraq gümüş medal qazanıb.
● 15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev 54.540 xal toplayaraq qızıl medala layiq görülüb. Eyni yaş kateqoriyasında Fərhad Mustafayev 51.470 xalla gümüş medal qazanıb.
● İkili-mini batut yarışlarında isə Ammar Baxşalıyev 23.900 xalla fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək növbəti qızıl medalını qazanıb.
Tamblinq üzrə nəticələr:
● Böyüklər arasında Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayevdən ibarət Azərbaycan komandası 148.100 xalla komanda hesabında birinci yeri tutaraq qızıl medala layiq görülüb. Fərdi proqramda Bilal Qurbanov 46.200 xalla gümüş medal əldə edib.
● 13–14 yaş kateqoriyasında Sənan Rzazadə 22.600 xalla qızıl medal qazanıb.
● 15–16 yaş kateqoriyasında İlham Məsimov 84.400 xalla birinci, Riad Cavadov isə 83.900 xalla ikinci yeri tutub.
Gimnastlarımıza növbəti yarışlarda uğurlar arzulayırıq!