05 aprel 2014
"Bir azərbaycanlı, bir vətəndaş, həm də keçmiş idmançı və idmanı sevən bir insan kimi sevinirəm ki, mənim ölkəmdə, paytaxtımızda böyük, möhtəşəm çempionat - bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək. Bunu "Bakılı oğlanlar" ŞHK-nın aparıcı üzvlərindən olan Bəhram Bağırzadə deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan idmanının, Azərbaycan siyasətinin beynəlxalq qələbəsidir: "Çoxları bunu anlamır, amma biz bunun bonuslarını, dividentlərini illərdən sonra görəcəyik. Həm Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, həm də idmançılarımıza minnətdarlığımı bildirirəm. Bakıda analoqu olmayan gimnastika kompleksi [Milli Gimnastika Arenası] inşa edilib. Bu, memarlıq və arxitektura baxımından da çox dəyərli bir tikilidir. Bir sakin kimi də çox sevinirəm ki, Bakımızda belə bir möhtəşəm bina tikilib, gələcəkdə bizim uşaqlarımız orada məşq edəcəklər və nailiyyətlər qazanacaqlar".
B.Bağırzadə qeyd edib ki, artıq Azərbaycanda bədii gimnastikanın inkişafının nəticələrini görürük: "Bir neçə ildən sonra daha yüksək nəticələr görəcəyik. Nə vaxt ki, bu gün anadan olan uşaqlar orada məşq etməyə başlayacaqlar, onda biz bunun nəticələrini daha çox görəcəyik".
Qeyd edək ki, Bakıda iyunun 13-15-də "Koroğlu" metrostansiyası yaxınlığındakı Milli Arenada bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Bu müasir tikili artıq Bakının diqqətəlayiq yeni idman məkanları ilə bir sıraya daxil olub.
İştirakçı ölkələrin nümayəndə heyətləri bilavasitə yarışların keçiriləcəyi yerin yaxınlığında 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün tikilmiş Atletlər şəhərciyində yerləşdiriləcəklər.