İdman

gimnastikadan

başlayır

Bakı ilk dəfə Akrobatika Gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

03 mart 2018

Bakı ilk dəfə Akrobatika Gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Beynəlxalq arenada gimnastika tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan Gimnastika Federasiyasına (AGF) daha bir gimnastika növü üzrə Dünya Kubokunun keçirilməsi həvalə olundu.

Gimnastika sevərlər 2018-ci ildə tanınmış bədii və idman gimnastları, batutçular və tamblinqçilərlə yanaşı, artıq Bakıda yerli gimnastlarımızla bərabər xarici ölkə akrobatlarının da çıxışlarını izləmək şansı əldə edir. Belə ki, bu ilin 17-18 noyabr tarixlərində Milli Gimnastika Arenası (MGA) ilk dəfə olaraq Akrobatika Gimnastikası üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bu kubokun ölkəmizə həvalə olunması ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin 28 fevral - 1 mart tarixlərində İsveçrənin Lozanna şəhərində keçirilmiş iclasında yekdilliklə qəbul edilmişdir.

Yarışlarda iştirak edəcək gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar.

Beləliklə, MGA-da bu ilin beynəlxalq yarışlar mövsümünə akrobatlar son verəcək.

Xatırladaq ki, Bakıda 15-18 mart tarixlərində İdman Gimnastikası üzrə Dünya Kuboku, 12-15 aprel tarixlərində Batut Gimnastikası, Tamblinq və İkili-mini batut üzrə Avropa Çempionatı, 23-24 aprel tarixlərində Bədii Gimnastika üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir, 27-29 aprel tarixlərində Bədii Gimnastika üzrə Dünya Kuboku və 22-23 iyun tarixlərində isə Gənclər arasında Avropa üzrə Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçiriləcəkdir.