İdman

gimnastikadan

başlayır

Bakıda Amerikasayağı “uçuş”

11 aprel 2018

Bakıda Amerikasayağı “uçuş”

Milli Gimnastika Arenası Bakıda ilk dəfə təşkil olunacaq Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa Çempionatına artıq tam hazırdır. Hər zaman yüksək təşkilatçılığı ilə özündən söz etdirməyi bacaran federasiya artıq gimnastika yarışlarının əsas hissəsinə çevrilmiş açılış mərasimi üçün bu dəfə də xüsusi hazırlıq görüb. Adından göründüyü kimi Bakı tamaşaçısına əsl amerikasayağı şou təqdim olunacaq.

Açılış mərasimində izləyicilər meydançada hər zaman görməyə alışdığımız gimnastika alətləri ilə yanaşı, basketbol səbətinə də rast gələcəklər. Öz tarixi izlərini ABŞ-dan götürən basketbol illər öncə məhz elə gimnastika dərslərinin canlandırılması üçün icad olunmuşdu. Təsadüfi deyil ki, batut gimnastikasının yaranmasının və inkişafının da təməli Amerikada qoyulub. İki fərqli idman növünün tarixdə birləşən kökləri bu çempionatın açılış mərasimi üçün başlıca ideya olub.

Çempionatın açılış mərasimini digərlərindən fərqləndirən əsas məqamları bununla kifayətlənmir. Belə ki, bu dəfə kompozisiyada təkcə gimnastika növləri üzrə yığma komandaların üzvləri deyil, həm də batut gimnastikası üzrə Texniki Komitənin nümayəndələri də iştirak edərək, əyləncəli şouya öz töhfələrini verəcəklər.

Avropa Çempionatının ən maraqlı personaji isə əlbəttə Qur-Qur olacaq. Hər zaman fərqliliyə üstünlük verən yarış təşkilatçıları maskot olaraq seçilmiş qurbağanı canlandırmaq üçün çox düşünmədən ən peşəkarlara müraciət ediblər. Uzun illər talisman kimi fəaliyyət göstərən və yarışlarımıza batut gimnastikasının vətəni ABŞ-dan təşrif buyuran Skot Hesinqton və Berri Anderson 4 günlük yarışlar ərzində arenanın sakinlərinə görülməmiş bir şou vəd ediblər.

Odur ki, 12 aprel tarixlərində Milli Gimnastika Arenasında Qur-Qurla bərabər start götürəcək Amerikasayağı “uçuş”a hazır olun!