21 aprel 2024
Milli Gimnastika Arenasında bu gün, bədii gimnastika üzrə Dünya kubokunun 3-cü günü də bizə inanılmaz anlar yaşatdı. İdmançılarımız bu gün də öz uğurları ilə bizi sevindirdilər. Yarışın 3-cü günü millimizin hesabında ümumilikdə iki medal qeydə alındı. Bədii gimnastika üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova çoxnövçülükdə 69.050 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşdılar. Sevindirici haldır ki, 5 halqa ilə çıxışında gimnastlarımız 36.100 xal toplayaraq üçüncü yerə layiq görüldülər. Çoxnövçülük proqramında birinci və ikinci yerləri Yaponiya və İtaliya, 5 halqa ilə isə müvafiq olaraq İspaniya və İtaliya milli komandaları bölüşdülər. Onlar, həmçinin 3 lent və 2 top proqramında mübarizə apararaq 6-cı yerdə qərarlaşdılar.
Qrup çıxışlarından savayı, fərdi çıxışlarda da ölkəmizi təmsil olundu. Final mərhələsinə yüksəlmiş Zöhrə Ağamirova, halqa və lent proqramında müvafiq olaraq 33.600 və 30.600 xal toplayaraq beş və altıncı yerlərə layiq görüldü.
Çıxışlar bitdikdən sonra qalib idmançılara medallar təmtəraqla təqdim olundu. Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, gənclər və idman naziri Fərid Qayibov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Monako Knyazlığının Təhsil, Gənclər və İdman üzrə Baş komissarı xanım İzabel Bonal, Albaniyanın təhsil və idman nazirinin müavini cənab Endrit Hoxha, Niderlandın Bələdiyyələr və İdman Federasiyasının İdarə Heyətinin üzvü və prezidenti Johannes Andreas De Jeu və ACES EUROPE prezidenti və təsisçisi cənab Gian Françesko şəxsən iştirak etdilər.
Bundan savayı, 3-cü günün gedişatında gimnastika ailəmizin yeni 2 ailə üzvü olan Cilli və Tilli adlı maskotlarımızın adlarını seçməkdə bizə kömək olmuş İnstagram izləyicimizin də hədiyyəsi təqdim olundu. Təqdimat mərasimi arenanın əsas səhnəsində baş tutdu.
Beləcə, keçən Dünya kuboku bizə yüzlərlə maraqlı anlar və xatirələr yaşatdı. Əminik ki, ölkəmizdə keçirilmiş beynəlxalq turnir, həm yarış iştirakçıları, həm də ki, yarışları izləməyə gəlmiş azarkeşlərin yaddaşlarına həkk olunacaq.
Növbəti yarışlarda görüşənədək!