31 yanvar 2025
28-31 yanvar tarixlərində Bakıda “Batut gimnastikası üzrə beynəlxalq hakimlik kursları” keçirilib. Hakimlik kurslarında Azərbaycan, Belçika, Belarus, Çexiya, Danimarka, İspaniya, Estoniya, Finlandiya, Böyük Britaniya, Almaniya, İrlandiya, İtaliya, Qazaxıstan, Latviya, Litva, Niderland, Portuqaliya, Rusiya, İsveç, İsveçrə, Malta, Ukrayna, Türkiyə, Gürcüstan və İran ölkələri üzrə 100 nəfər hakim iştirak edib.
Kurs zamanı iştirakçılara batut gimnastikasında yeni qaydalar, qiymətləndirmə meyarları və hakimlik prinsipləri izah edilib. Kurslar həm nəzəri, həm də praktiki sessiyaları əhatə edərək iştirakçıların bilik və bacarıqlarını artırmağa yönəlib.
Kursların sonunda hakimlər imtahan verərək beynəlxalq dərəcəli hakim statusunu əldə etmək imkanı qazanıblar. Bu cür kurslar gimnastika yarışlarında ədalətli və peşəkar hakimlik sisteminin formalaşmasına töhfə verməklə yanaşı, idmançılar üçün də yüksək səviyyədə yarış şəraitinin təmin olunmasına xidmət edir.