Bir neçə gün sonra Bakı yenidən dünya gimnastikasının diqqət mərkəzinə çevriləcək. 18-20 aprel tarixlərində paytaxtımızda keçiriləcək “Bədii gimnastika üzrə Dünya kuboku”nda dünyanın müxtəlif ölkələrindən gimnastikanın zərif növünün nümayəndələri birincilik uğrunda yarışacaqlar.
Bu kubokun iştirakçıları arasında artıq dünya arenasında öz sözünü demiş gimnastların adları da yer alır. Onlarla birlikdə doğma məkanda öz çıxışları ilə seçilməyə hazır olan milli komandamızın üzvləri də mübarizəyə qoşulacaqlar.
Qrup hərəkətləri üzrə komandalar arasında Çin, İtaliya, Bolqarıstan və İsrailin güclü komandaları iştirak edəcək. Bu komandalar artıq dünya, qitə və Olimpiya yarışlarında öz sözünü deməyi bacarıblar.
Məhz Çin komandası Parisdə keçirilmiş Olimpiya Oyunlarında qızıl medalı qazanmağa nail olub. İsrail təmsilçiləri Fransanın paytaxtında ikinci yerin sahibi olublar. Komandanın heyətində bəzi dəyişikliklər olsa da, bu ölkənin milli komandası hər zaman əsas favoritlər arasında göstərilir. Eyni sözləri İtaliya və Bolqarıstan komandaları haqqında da demək olar. Bu komandaların heyətində hələ də “Paris-2024” Olimpiadasının iştirakçıları var.
Fərdi proqramda iştirak edən gimnastlar arasında da tanınmış adlar var. Onlardan biri Paris Olimpiya Oyunlarının çempionu, Almaniyadan olan Darya Varfolomeyevdir. O, Olimpiya Oyunlarından əlavə, 6 dəfə Dünya çempionu və 2 dəfə Avropa çempionu olub. Qeyd edək ki, onun Avropa çempionatlarındakı qələbələrindən biri məhz Bakıda baş tutub.
Bakıda keçiriləcək Dünya kubokunda biz, həmçinin Tokio Olimpiadasının bürünc medalçısı, müxtəlif dünya çempionatlarının mükafatçısı Alina Harnaskonı (AIN) da izləyəcəyik.
Kubokun digər iştirakçılarından bolqarıstanlı Stiliana Nikolova da həm dünya, həm də Avropa çempionatlarında qalib olub. O, keçən il Bakıda keçirilmiş Avropa kubokunda iki qızıl medal qazanıb.
Çindən olan və Dünya kubokunun ikiqat qalibi Van Zılu da yarışın iştirakçısıdır. Kipr təmsilçisi Vera Tuqolukova isə Dünya və Avropa kuboklarında bir neçə dəfə mükafatçılar sırasına düşüb. O, ötən il Bakıda keçirilmiş Avropa kubokunda bir gümüş və iki bürünc medal qazanıb.
İtaliyadan kubokda Paris Olimpiadasının bürünc, Dünya və Avropa çempionatının 5 qat mükafatçısı Sofiya Raffaeli də iştirak edəcək.
Yaponiyanı Bakıda Asiya çempionatının ikiqat bürünc mükafatçısı Mirano Kita təmsil edəcək. Arenada, həmçinin Filippinli gimnast, Cənub-Şərqi Asiya Oyunlarının bürünc mükafatçısı Brianna Labadan da çıxış edəcək.
Budapeştdə keçirilmiş ötənilki Avropa çempionatında halqa ilə proqramda bürünc medal qazanan ukraynalı Taisiya Onofriçuk artıq 11 dəfə Dünya kuboklarının mükafatçıları sırasında yer alıb və o, bu uğurlarını yenidən təkrarlamağa çalışacaq.
Bir sözlə, bizi böyük mübarizə gözləyir. Amma nəticələrdən asılı olmayaraq əminliklə demək olar ki, bu möhtəşəm və incə gimnastika növündə yarışların qalibi gözəllik və zəriflik olacaq.