17 sentyabr 2019
Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.
Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edilib.
Daha sonra, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov açılış sözü ilə çıxış edib. Ardınca Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinare Vatanabe qonaqları salamlayıb.
Mərasimdə həmçinin, Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, çoxqat dünya və Avropa mükafatçısı, Olimpiya Oyunlarının gümüş medalçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan ediblər.
Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.
Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. Misir Gimnastika Federasiyasının nümayəndəsi Sarah Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının məşqçisi Karalina Rangel isə məşqçilər adından təntənəli şəkildə and içiblər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və idealarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb.
Mərasimin bədii hissəsində dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.
Bunun ardınca Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu tamaşaçılara təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast, həmçinin yığma komandanın xoreoqrafları da iştirak ediblər.
Şoudan sonra məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıların qəlbini fəth edib və bununla da çempionatın ilk gününə yekun vurulub.