İdman

gimnastikadan

başlayır

BAŞ MƏŞQÇİ: AZƏRBAYCAN GİMNASTLARI EVDƏ KEÇİRİLƏCƏK AÇ-DƏ LAYİQİNCƏ ÇIXIŞ EDƏCƏKLƏR

05 aprel 2014

BAŞ MƏŞQÇİ: AZƏRBAYCAN GİMNASTLARI EVDƏ KEÇİRİLƏCƏK AÇ-DƏ LAYİQİNCƏ ÇIXIŞ EDƏCƏKLƏR

Azərbaycan gimnastları evdə keçiriləcək Avropa çempionatında (AÇ) layiqincə çıxış etməyə və azarkeşləri sevindirməyə çalışacaqlar. Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatına həsr olunmuş mətbuat konfrasında deyib.

Bolqar əsilli mütəxəssis Azərbaycana hörmət əlaməti olaraq Azərbaycanca çıxış edib: "Milli komanda nəsil dəyişikliyi edib. Olimpiadadan sonra uzun illər yığmanın lideri olmuş Aliyə Qarayeva komandanı tərk etdi. Eyni zamanda, bu dəyişiklik komanda üçün ağrısız ötüşdü: Turində keçirilmiş ötən AÇ-də bizim iki gimnastımız Bakıda keçiriləcək I Avroipa Oyunlarına lisenziya qazandı".

Onun sözlərinə görə, qarşıdakı yarışdan gözləntilər bununla yekunlaşmır: "Əlbəttə ki, biz bu arenadan ilk sürprizləri gözləyirik. Bu arenaya görə bir daha ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu turnir yalnız yüksək təşkilatçılıq səviyyəsi ilə deyil, eyni zamanda idmançıların yüksək səviyyəli çıxışları ilə yadda qalacaq".

Onun sözlərinə görə təşkilat komitəsi ilə yanaşı, idmançılarımız da yarışlara hazırlaşır:

"Bildiyiniz kimi, Avropa çempionatında böyüklər və yeniyetmələr çıxış edəcəklər. Yeniyetmə gimnastlar komanda hesabında çıxış edəcəklər, onlar 8 çıxış nümayiş etdirməlidir. Hər ölkəni ikidən dördə gədər gimnast təmsil edəcək. Yarışların son günündə isə final keçiriləcək. Çox güman ki, Jalə Piriyeva və Züleyxa İsmayılova çıxış edəcəklər"

Onun sözlərinə görə, bundan öncə Bakıda keçirilmiş Avropa çempionatının yarış formatına görə böyüklərdən ibarət qrup hərəkətləri üzrə komandamız çıxış etməmişdir:

"Belə ki, onlar ilk dəfə olaraq bu şəkildə doğma divarlar arasında yarışa çıxacaqlar. Komandamıza Səbinə Abbasova, Siyana Vasileva, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Aleksandra Platonova daxildir. Qrup hərəkətləri üzrə komandamız çoxnövçülük və fərdi hesabda yarışacaq. Fərdi yarışlara 20 gimnast qatılacaq. Ölkəmizi keçən il Vyanada keçirilmiş AÇ-da yüksək nəticə göstərmiş iki idmançı xanım təmsil edə bilər. Onlardan biri Marina Durunda olacaq. İkinci çıxış edəcək idmançımız barədə hələ yekun qərar verməmişəm - bu ya Gülsüm Şəfizadə, ya Lalə Yusifova və ya da Nilüfər Niftəliyeva ola bilər".

Onun sözlərinə görə, bu mövsüm millimiz üçün heç də pis başlamayıb:

"Biz artıq Dünya kubokunun bir neçə Qran-Pri mərhələlərində uğurla çıxış etmişik və AÇ-na qədər daha bir neçə mərhələdə iştirak edəcəyik. Bundan əlavə aprelin 19-da Azərbaycan çempionatına start veriləcək. Hesab edirəm ki, biz böyüklər arasında maraqlı mübarizə görəcəyik".

Onun sözlərinə görə, miilimiz üçün hər şərait yaradılıb:

"Biz artıq Milli Gimnastika Arenasında məşqlər aparırıq. Bu, bəlkə də dünyada ən gözəl gimnastika komplekslərindəndir. Milli komandanın bütün məşqçi və idmançıları adından Mehriban xanım Əliyevaya göstərdiyi qayğıya görə minnətdarlığımı bildirirəm. Biz onun ümidlərini doğrultmağa çalışacağıq".

Mariana Vasilevanın Azərbaycan dilində çıxışı iştirakçılar tərəfindən alqışla qarşılanıb.

Çempionatda hansı ölkələrin favorit olması məsələsinə münasibət bildirən Avropa Gimnastika İttifaqının vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov qeyd edib ki, yarışlarda adətən individual proqramlarda mübarizə Rusiya, Belarusiya, Azərbaycan və Ukrayna gimnastları arasında gedir: "O ki, qaldı qrup hərəkətlərinə burada yenə Belarusiya, İtalya, Rusiyadır və bu dəfə çalışacağıq ki, Azərbaycan da bu ölkələr arasında olsun".

F.Qayıbovun sözlərinə görə, yuniyor gimnastlar arasında yenə də Rusiya, Ukrayna, Belarusiya və Azərbaycan adətən Avropa və dünya çempionatlarında medallar uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, Bakıda iyunun 13-15-də "Koroğlu" metrostansiyası yaxınlığındakı Milli Arenada bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Bu müasir tikili artıq Bakının diqqətəlayiq yeni idman məkanları ilə bir sıraya daxil olub.