18 fevral 2023
Fevralın 18-də Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizdə təşkil olunan Dünya kubokunda Gənclər və İdman Nazirliyi adından iştirakçıları salamlayıb.
O, ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğını vurğulayaraq, son illərdə Azərbaycanda batut gimnastikasının inkişafından danışıb. O bildirib ki, batut gimnastiksı üzrə Dünya kuboku Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda çıxış edir. Yarışın ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.
Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edir.